Ermənistanda etirazların miqyası genişlənir. İşğalçı ölkənin şərqində yerləşən Cermuxda sakinlər yolları bağlayıblar.
NUHÇIXAN erməni KİV-lərinə istinadla xəbər verir ki, Cermukda etiraz aksiyası keçirən əhali parlament qarşısında polis tərəfindən saxlanılanların azadlığa buraxılmalarını tələb edib. Narazı kütlə bildirib ki, Ermənistanda mədən işlərinin fəaliyyəti ilə məşğul olan xarici şirkətlər ölkəni tərk etsinlər. Onların fikrincə, bu şirkətlərdə çalışanların hüquqları pozulur. Bundan başqa ərazidəki dağ mədən ərazilərində aparılan iş zamanı partlayışların olması nəticəsində yaşayış sahələrində yeraltı təkanlar baş verir. Bunun nəticəsində əksər yaşayış yerlərində torpaq sürüşmələri qeydə alınıb.
Etirazçılar bildirib ki, dəfələrlə problemlə bağlı rayon icra hakimiyyətinin başçısı Vardan Ovanesiyana şikayət olunsa da icra başçısı məsələnin həll olunması üçün onun heç bir səlahiyyətinin olmadığını qeyd edib.
Etirazçılar, eyni zamanda, məmur özbaşnalığından da narazılıq edirlər. Aksiya iştirakçıları ötən gün polisin parlament qarşısında etiraz edənlərə işgəncə verdiyini vurğulayırlar. Hətta onlar qadınlara belə vəhşilik etməkdən çəkinmirlər.
Etirazçılar bildirirlər ki, 1 il əvvəl vətəndaşlara müxtəlif vədlər verməklə hakimiyyətə gələn Nikol Paşinyan özü belə problemlərin öhdəsindən gəlməkdə acizdir. Ermənistan özünün ən ağır, acınacaqlı günlərini yaşayır. Aksiya iştirakçıları bəyan edir ki, hökumət səslənən tələbləri həll etməsə, daha kəskin etiraz aksiyaları ilə üzləşəcək.