Uşaqların görüntülərini internetdə paylaşmaq gələcəkdə fəsadlar yarada bilər

A- A A+

Müasir dövrdə informasiya texnologiyalarının sürətlə inkişafı, sosial şəbəkələrin geniş kütlə arasında yayılması və internetin artıq hər evdə gündəlik həyatın tərkib hissəsinə çevrilməsi bir çox yeni fenomenlərə yol açır. Bunlardan biri də valideyn, qohum və yaxın ətraf tərəfindən uşaq fotolarının internetdə paylaşılmasıdır.

NUHÇIXAN xəbər verir ki, elmi dairələrdə “sharenting” (parenting – valideynlik, tərbiyə etmək və sharing – paylaşmaq sözlərinin hibridi) termini ilə ifadə olunan bu fenomenin fəsadları çoxları tərəfindən düzgün qiymətləndirilmir. Britaniya alimlərinin apardığı araşdırmalara görə, müasir cəmiyyətimizdə uşaqlar beş yaşına çatana kimi valideynlər onların orta hesabla 1500-dək fotosunu internetdə paylaşır. Şəkil və videoları çəkilən uşaqlar həmin an valideynlərin bu görüntülərlə nə edəcəklərini bilmirlər və bu görüntülərin onların gələcək şəxsi həyat, karyera və sosial mühitdə ünsiyyətinə hansı təsirlər göstərəcəyindən bixəbər olurlar. Dünyanın ən yaşlı uşaq qurumu olan “Save the Children” təşkilatının İsveçrə nümayəndəliyinin rəhbəri Ömer Güvən bildirib ki, internetdəki bu paylaşmalar BMT tərəfindən təsbit olunmuş uşaq hüquqlarını, ilk növbədə şəxsi həyatın gizliliyi prinsipini pozur.

Nəzərə alınmalıdır ki, təkcə “Instagram” sosial şəbəkəsində 75 milyon post “kids” (uşaqlar), 160 milyon post isə “baby” (körpə) həştəqi ilə mövcuddur. “Google”dan sonra ən çox istifadəçiyə malik olan “YouTube”da yüklənən videolar 1,5 milyard nəfərlik potensial tamaşaçı tərəfindən izlənilir.

Uşaq psixoloqu Filip Ramminq İsveçrənin SRF1 telekanalına bildirib ki, uşaqların görüntülərini şəbəkəyə yerləşdirəndə ölçü dərəcəsi gözlənilməlidir. Əgər valideynlər ailə bayramları, ailənin sevincli günləri və digər əziz günlərdə çəkilmiş görüntüləri paylaşmaq istəyirlərsə, bu zaman sosial şəbəkələrin təqdim etdiyi məhdudlaşdırıcı funksiyalardan istifadə etmələri tövsiyə olunur. Sözsüz ki, hər bir valideyn öz övladı ilə fəxr edir və bu sevinci başqaları ilə bölüşmək istəyir, lakin valideynlər çox zaman bu görüntülərin onların övladlarının gələcək həyatına hansı təsirlər göstərəcəyini bilmirlər.

Uşaq psixoloqları və tərbiyə məsləhətçiləri, həmçinin valideynlərə övladlarının gülünc vəziyyətlərdə, ağlarkən və ya müxtəlif emosional halları ifadə edərkən çəkilən görüntülərini onlayn platformalara yerləşdirməyi məsləhət görmür, gələcəkdə övladları üçün utancverici görüntüləri ictimailəşdirməməyə çağırırlar. Uşaqlar böyüdükdən sonra bu görüntüləri ailədaxili sferadan çıxararaq ictimailəşdirdiklərinə görə valideynlərini qınaya, onlarla problem yaşaya bilərlər.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: