Rusiyanın “Soyuz MS-13” kosmik gəmisi avqustun 24-də göyərtəsində “Fyodor” adlı antropomorfik robotun olduğu “Soyuz MS-14” gəmisinin avtomatik birləşmə sistemində yaranmış problem səbəbindən birləşə bilmədiyi Beynəlxalq Kosmik Stansiyadakı “Zvezda” xidməti modulundan ayrılaraq “Poisk” tədqiqat moduluna birləşib.
NUHÇIXAN TASS agentliyinə istinadla xəbər verir ki, Rusiyanın Uçuşların İdarəedilməsi Mərkəzinin nəzarəti altında həyata keçirilən birləşmə əməliyyatını rusiyalı kosmonavt Aleksandr Skvortsov NASA və Avropa Kosmik Agentliyinin astronavtları Endryu Morqan və Luka Parmitano ilə birlikdə yerinə yetirib. Bu kosmik ekipaj iyulda “Soyuz MS-13” gəmisinin göyərtəsində Beynəlxalq Kosmik Stansiyaya gəlib və birləşmə əməliyyatının həyata keçirilməsi üzrə təlim keçib.
“Soyuz MS-14” gəmisinin stansiyaya birləşməsi üzrə ikinci təkrar əməliyyat isə avqustun 27-də həyata keçiriləcək.