Yaponiyada yeni nəsil 5G mobil şəbəkəsinin genişmiqyaslı tətbiqinin başlanmasına bir il vaxt qalıb.
NUHÇIXAN xəbər verir ki, ölkənin telekommunikasiya şirkətləri idman yarışlarının icmalı zamanı həmin texnologiyadan istifadə üçün şərait yaradır. Belə ki, bu günlərdə “Softbank” şirkəti Yaponiya milli basketbol komandasının oyunu zamanı 5G şəbəkəsindən istifadə edən yeni texnologiyanın sınağını keçirib. Bu zaman tamaşaçılar meydançadakı 30 videokameradakı istənilən görüntünü seçmək və onlardan öz planşetlərində istifadə etmək imkanı qazanıblar.
“KDDI” şirkəti isə 5G şəbəkəsindən istifadə edərək tədbir yerinin təhlükəsizliyini təmin edib. Şirkət həmin sistemdən qarşıdakı payızda və ya daha sonra istifadə etməyi planlaşdırır.
“NTT Docomo” şirkəti də gələn ay Yaponiyada başlayacaq Reqbi üzrə Dünya Çempionatında 5G şəbəkəsindən istifadə olunmaqla xidmətlər təklif etməyi nəzərdə tutur.