Göyərtəsində “Fyodor” (Skybot F-850) adlı antropomorfik robotun olduğu Rusiyanın “Soyuz MS-14” gəmisi ikinci cəhddən sonra avtomatik birləşmə rejimində uğurla Beynəlxalq Kosmik Stansiyaya birləşib.
NUHÇIXAN TASS agentliyinə istinadla xəbər verir ki, bunu Rusiyanın Uçuşların İdarəedilməsi Mərkəzindən bildiriblər. Kosmik gəminin birləşmə prosesi canlı yayımda təqdim edilib. “Soyuz MS-14”ün avqustun 24-də həyata keçirilən ilk birləşmə əməliyyatı uğursuzluqla nəticələnib. Bundan sonra o, təhlükəsiz məsafəyə geri çəkilib və Rusiyanın Uçuşların İdarəedilməsi Mərkəzinin mütəxəssisləri problemi aradan qaldırmağa nail olublar.
Avqustun 22-də start götürən kosmik gəminin göyərtəsində robotla yanaşı, müxtəlif çeşidli yüklər də var.
“Fyodor” (Skybot F-850) robotu sentyabrın 7-də Yerə qayıdacaq.