Ermənistanın Tavuş vilayətində vəziyyət gərginləşib. Aksiya iştirakçıları Ermənistan-Gürcüstan yolunu bağlayıblar.
NUHÇIXAN erməni KİV-lərinə istinadla xəbər verir ki, Tavuş vilayətinin sakinləri məmur özbaşınalığına etiraz edərək genişmiqyaslı aksiya keçirirlər. Vilayətin ən böyük kəndi olan Artiçtin sakinləri aksiyalara qoşularaq əsas magistral yoldakı avtomobillərin hərəkətini dayandırıblar. Sakinlər bildiriblər ki, bir il əvvəl vətəndaşlara müxtəlif vədlər verməklə hakimiyyətə gələn Nikol Paşinyan özü belə problemlərin öhdəsindən gəlməkdə aciz qaldığını etiraf edir. Ermənistan özünün ən ağır, acınacaqlı günlərini yaşayır. Məmur özbaşınalıqları da sakinlərin səbrini tarıma çəkib.
Aksiya iştirakçıları bəyan ediblər ki, problemlərin artması səbəbindən Tavuş vilayətinin kəndlərinin böyük əksəriyyəti boşalıb. Bundan başqa, bölgənin sakinləri içməli su və eyni zamanda, əkin sahələrinə verilən su ilə bağlı da narazılıqlarını bildiriblər. Qeyd ediblər ki, onlar yalnız məişət problemlərini həll etmək üçün suyu maşınlarla alırlar. Kəndin icra nümayəndəsi deyib ki, su boru xətləri istismar müddətini başa vurub. Son 30 ildə ətraf kəndlərdə boru kəmərlərinin təmir-bərpa işləri aparılmayıb.
Etirazçılar bildiriblər ki, onların məşğuliyyət və dolanışıqları ancaq əkinçilikdir. Min cür əzab-əziyyətlə əkilən sahələr susuzluqdan məhv olub gedir. İki ay əvvəl Nikol Paşinyanın köməkçisi Vladimir Karapetyan problemin yaxın zamanda həll olunacağını demişdi, ancaq problem olduğu kimi qalır. Aksiya iştirakçıları bəyan ediblər ki, onların tələbləri təmin olunmasa sakinlər Ermənistan-Gürcüstan dəmir yolunu bağlayacaqlar.
Qeyd edək ki, aksiyanı dayandırmaq üçün əraziyə xeyli sayda polis cəlb olunub. Polislə etirazçılar arasında toqquşma yaşanıb.