Braziliya hakimiyyəti Amazon meşələrində yanğınla mübarizədə Fransa Prezidenti Emmanuel Makronun G7 sammitində elan etdiyi beynəlxalq maliyyə yardımından imtina edəcək.
NUHÇIXAN G1 portalına istinadla xəbər verir ki, bu barədə Braziliya prezidentinin mülki dəftərxanasının rəhbəri Oniks Lorensoni deyib. “Bu vəsait Avropa meşələrinin bərpasına daha çox gərək ola bilər. Bəşəriyyətin mədəni irsi olan kilsədə gözlənilən yanğından yayına bilməyən Emmanuel Makron indi bizə nəyisə öyrətməyə çalışır? O evində və Fransanın koloniyalarında özünə məşğuliyyət tapa bilər”, - deyə siyasətçi bildirib.
Onun fikrincə, Braziliya istənilən ölkəyə meşələri qorumaq barədə dərs keçə bilər. “Dünyanın heç bir ölkəsində bizdə olan qədər təbii bitki örtüyü sahəsi yoxdur”, - deyə Oniks Lorensoni vurğulayıb.
Bir qədər əvvəl isə Braziliyanın Ətraf Mühitin Müdafiəsi naziri Rikardu Sales “yeddilik” ölkələri liderlərinin Amazon meşələrində yanğınla mübarizəyə yardım məqsədilə 20 milyon avro ayırmaq qərarını alqışlamışdı.
Ötən həftə Braziliya Prezidenti Jair Bolsonaru Amazon meşələrində yanğınların söndürülməsinə ordunun da cəlb olunması barədə fərman imzalayıb. Ölkənin Müdafiə Nazirliyinin məlumatına əsasən, hazırda yanğınla mübarizədə 43 mindən çox hərbçi iştirak edir. Maliyyə Nazirliyi bu məqsədlə 38,5 milyon real (9 milyon dollardan çox) vəsait ayırıb.
Braziliya Kosmik Tədqiqatlar İnstitutunun məlumatına görə, yanvar ayından avqusta qədər yanğınlar planetin “ağ ciyəri” adlandırılan Amazon meşələrinin Braziliya ərazisində yerləşən 1,8 milyon hektarını məhv edib.