“SpaceX” şirkətinin Marsa göndərəcəyi raket-kapsulun prototipinin son sınağı keçirilib. Məşhur biznesmen İlon Maskın qırmızı planetdə koloniya yaratmaq üçün istifadə edəcəyi “Starhopper” adlanan bu kosmik aparat ABŞ-ın Texas ştatındakı Boka Çika qəsəbəsindəki müəssisədə hazırlanıb.
NUHÇIXAN Space.com saytına istinadla xəbər verir ki, plana uyğun yüksəkliyə çatan “Starhopper”in uçuşu 57 saniyə davam edib. Onun 150 metr yüksəkliyə qalxması limitini isə ABŞ-ın Federal Aviasiya Administrasiyası müəyyən edib. Ən mühüm olanı isə kosmik aparatın qısamüddətli uçuş zamanı pilotların olduğu kapsulu uğurla ayırmasıdır. Bundan əvvəl keçirilən sınaqlarda buna nail olmaq mümkün olmayıb. İlon Mask bu münasibətlə əməkdaşlarını təbrik edib.
Qeyd olunub ki, “Starhopper” gələcəkdə nəhəng “Super Heavy” raketdaşıyıcısı ilə Marsa göndəriləcək. “Raptors” kosmik aparatı ilə birlikdə bir dəfəyə Marsın səthinə 10 sərnişin göndərmək İlon Maskın ən böyük layihəsidir. Bu rəqəm dəyişə də bilər, amma əsas məqsəd qırmızı planetdə insanların yaşayacağı koloniya təşkil etməkdir. “SpaceX” şirkəti bundan sonra “Starhopper”in daha iki prototipini – “Starship Mk1” və “Mk2” raket-kapsullarını hazırlamağı planlaşdırır. Onların yekun dizaynı isə Florida ştatının okean sahillərində işlənib hazırlanacaq. Şirkət gələcək sınaqları da burada keçirmək niyyətindədir.
“Starship Mk1” və “Mk2” raket-kapsullarının sınaqlarına 2021-ci ildə başlanması nəzərdə tutulur.