Türkiyə və Rusiya rəsmiləri Su-35, Su-57 reaktiv qırıcı təyyarələri, aviasiya mühərrikləri və elektronika sisteminin tədarükü ətrafında müzakirələr aparacaqlar.
NUHÇIXAN Anadolu agentliyinə istinadla xəbər verir ki, bunu Rusiyanın Federal Hərbi-Texniki Əməkdaşlıq Xidmətinin rəhbəri Dmitri Şuqayev Moskvada keçirilən “MAKS-2019” Beynəlxalq Aviasiya və Kosmos Sərgisində bildirib. O, hərbi aviasiya texnikasının tədarükü məsələlərini türkiyəli həmkarı İsmayıl Dəmirlə müzakirə edəcəyini əlavə edib.
Türkiyənin Müdafiə Sənayesi Departamentinin rəhbəri İ.Dəmir jurnalistlərə müsahibəsində bildirib ki, danışıqlarda S-400 zenit-raket komplekslərinin tədarükünün davamı ilə bağlı məsələlər, habelə Rusiyadan Su-35, Su-67 reaktiv qırıcı təyyarələrinin alınmasının detalları ətrafında fikir mübadiləsi aparılacaq.
Qeyd olunub ki, bu məsələlər Rusiya və Türkiyə prezidentlərinin avqustun 27-də Moskvada keçirdikləri görüşdə də müzakirə olunub. Vladimir Putin aviasiya sərgisində Rəcəb Tayyib Ərdoğana yeni nəsil Su-57 reaktiv qırıcı təyyarəsini təqdim edib. İki ölkənin liderləri, həmçinin Su-35 təyyarəsi, Mi-38 nəqliyyat helikopteri və Ka-52 hərbi helikopterinə də baxış keçiriblər.