ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) mütəxəssisləri Marsa göndəriləcək pilotsuz helikopterin montaj işlərini başa çatdırıblar. Yeni texnika “Mars Rover-2020” aparatı ilə birlikdə qırmızı planetə göndəriləcək.
NUHÇIXAN NASA-nın məlumatına istinadla xəbər verir ki, helikopteri Marsa daşıyacaq “Mars Rover-2020” kosmik aparatı 2021-ci ilin qış aylarında bu planetin səthinə endiriləcək. Montaj işləri Kaliforniya ştatının Pasadena rayonunda yerləşən reaktiv mühərriklərin laboratoriyasında aparılıb. Qaynaq edilmiş daşıyıcı vintlə təchiz edilmiş və günəş enerjisi ilə işləyən helikopter marsoxodun altındakı qoruma lövhəsinə bərkidiləcək. Bu lövhə onu mexaniki kənar təsirlərdən qoruyacaq və planetin səthinə təhlükəsiz enməsini təmin edəcək. Qırımızı planetin səthinə endikdən sonra helikopter avtomatik rejimdə marsoxoddan ayrılacaq və müəyyən olunmuş əraziyə enəcək. Pilotsuz helikopterdə baş verə biləcək hər hansı qəza “Mars Rover-2020” kosmik aparatının fəaliyyətinə təsir etməyəcək. NASA-da bildiriblər ki, Yerdə uğurlu uçuşlar Mars helikopterinin ikinci nəslinin hazırlanmasına şərait yaradacaq.
“Mars Helicopter” layihəsinin meneceri Mimi Anq bildirib ki, bu aparatın yaradılmasında əsas məqsəd Marsın atmosferində avtonom və idarə olunan uçuşların həyata keçirilməsidir. “Bizim helikopter sınaq uçuşlarının keçirilməsi üçün nəzərdə tutulub və onun göyərtəsində elmi cihazlar yoxdur. Əgər Marsa uçuş imkanlarını sübut edə bilsək, onda qırmızı planeti öyrənəcək Mars helikopterlərinin mühüm rol oynayacağı gün də gələcək”, deyə menecer qeyd edib.
NASA “Mars Rover-2020” kosmik aparatını “United Launch Alliance” şirkətinin istehsalı olan “Atlas V” raketdaşıyıcısı ilə 2020-ci ilin iyulunda Florida ştatındakı Kanaveral burnundan Marsa göndərməyi planlaşdırır. Onun qırmızı planetin səthinə enməsi 2021-ci il fevralın 18-nə nəzərdə tutulub. Marsoxodun planetin ekvatorundakı İsida düzündə yerləşən və 45 kilometrlik diametri olan Cezero kraterinə enəcəyi bildirilir. Aparat Marsın geoloji strukturunu və atmosferini öyrənəcək.