NASA-ya məxsus kosmodromun əməkdaşları “Dorian” qasırğasının Floridaya yaxınlaşması səbəbindən avadanlıqlarını sığınacaqlara yerləşdirib.
NUHÇIXAN CBS News telekanalına istinadla xəbər verir ki, “Dorian” qasırğası özü ilə güclü külək və leysan yağışları gətirir.
Məlumat verilir ki, 108 metrlik raket-start qurğusu da sığınacağa yerləşdirilib. Onun “Artemida” proqramı çərçivəsində gələcəkdə Aya planlaşdırılan missiyalarda istifadə edilməsi nəzərdə tutulur.
Analoji təhlükəsizlik tədbirləri, həmçinin “SpaceX” və “United Launch Alliance” aerokosmik kompaniyaları tərəfindən də görülüb.
Sinoptiklərin proqnozuna əsasən, dördüncü təhlükə səviyyəsi verilən qasırğada küləyin sürəti saatda 200 kilometrə çatır. Təbii fəlakətin yaxınlaşması ilə əlaqədar Florida və Corciya ştatlarında fövqəladə vəziyyət rejimi tətbiq olunub. Qasırğanın mümkün fəsadları səbəbindən ABŞ Prezidenti Donald Tramp Polşaya səfərini təxirə salıb.