“Skaysrapercenter” şirkətinin dünyada ən çox göydələni olan ölkələrə həsr olunmuş araşdırmasının nəticələrinə əsasən Birləşmiş Ərəb Əmirlikləri göydələnlərin sayına görə ilk beşliyə daxil olub. BƏƏ-nin Dubay şəhəri 464 göydələni ilə 5-ci yeri tutub.
NUHÇIXAN yerli KİV-ə istinadla xəbər verir ki, araşdırma nəticəsində ilk sırada ABŞ-ın Nyu-York şəhəri yer alıb və bu şəhərdə 1548 göydələn var. İkinci sırada Çinin xüsusi inzibati bölgəsi Honkonq şəhəridir. Orada göydələnlərin sayı 922-dir. ABŞ-ın daha bir şəhəri - Çikaqo 566 göydələni ilə 3-cü sırada yer alıb. Kanadanın Toronto şəhərində isə 529 göydələn qeydə alınıb və bu şəhər siyahıda 4-cü sıranı tutub.