Hyuston şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd edilib - FOTOLAR

A- A A+

ABŞ-ın Hyuston şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd edilib.

NUHÇIXAN xəbər verir ki, tədbir Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası və Hyuston Birləşmiş Millətlər Assosiyasiyasının birgə təşkilatçılığı ilə keçirilib. Mərasimin çoxsaylı qonaqları sırasında Texas ştatında akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, Azərbaycan, yəhudi, Pakistan, türk icmalarının nümayəndələri, ictimai və dövlət xadimləri iştirak ediblər.

Tədbirdə Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiyasiyasının və Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri İradə Axundova çıxış edərək 1976-cı ildən fəaliyyət göstərən Assosiyasiyanın yaranma tarixi və gördüyü işlər barədə ətraflı məlumat verib.

Hyustonla Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti Harri Ci bayram münasibətilə Azərbaycan icmasını təbrik edib. Hyustonla 18 şəhərin qardaşlaşdığını və bu təcrübənin ölkələr arasında əlaqələrə müsbət təsir göstərdiyini bildirib.

Daha sonra Birləşmiş Millətlər Assosiasiyasının rəhbəri Daniel Stoeker çıxış edərək, ABŞ-Azərbaycan əməkdaşlığından, onun dinamik inkişafından danışıb.

Amerika Yəhudi Komitəsinin Hyuston şəhəri üzrə regional direktoru Randall Çarlinski Azərbaycanda millətlər və dinlərarası tolerantlıq barədə məlumat verib. O, 2017-ci ildə Texas ştatında baş vermiş “Harvi” qasırğası nəticəsində dağıntıya məruz qalmış Bet Yeşurun sinaqoqunun bərpasında SOCAR-ın dəstəyini vurğulayıb və minnətdarlıq edib.

Azərbaycan icması adından çıxış edən Gülər Ələkbərova Cümhuriyyətin yaranma tarixindən söz açıb.

Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov iki ölkə arasında münasibətlərdən ətraflı danışıb, bu əlaqələrin Hyuston şəhərinin inkişafında xüsusi rolu olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bugünkü Azərbaycan 1918-ci ildə yaradılmış Cümhuriyyətin varisidir. Əsası ümummili lider Heydər Əliyev tərəfindən qoyulan müdrik siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyada etibarlı tərəfdaş və tolerantlıq məkanı kimi tanınır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: