İqlim dəyişikliyinin dağıdıcı nəticələri, əsasən də qlobal temperaturun artması 2050-ci ilədək bananların tam yox olmasına gətirib çıxara bilər.
NUHÇIXAN “Nature Climate Change” jurnalına istinadla xəbər verir ki, Böyük Britaniyanın Exeter universitetinin alimlərinin apardığı tədqiqatın nəticələrinə əsasən, iqlim dəyişikliyi dünyada banan istehsalının həcminə təsir göstərir. Bunun üçün onlar banan istehsalı və ixracatında öndə gedən 27 ölkədə məhsuldarlığı analız ediblər. Məlum olub ki, bananın yetişməsi üçün əlverişli olan qlobal istiləşmə səbəbindən 1961-ci ildən etibarən bu məhsulun istehsal həcmi artmağa başlayıb.
Lakin, eyni zamanda, dünyada temperatur artımının davam etməsi əks-effektə də səbəb ola bilər: yəni bananın məhsuldarlığı tədricən azalar, 2050-ci ildə tamamilə yox olar. Mütəxəssislərin məlumatına əsasən, hazırda 10 ölkədə banan istehsalının həcmi azalmağa başlayıb. Bundan ən çox Hindistan və Braziliya ziyan çəkir.