Hindistan on ildən sonra Ay səthində Helium-3 hasilatı ilə məşğul olacaq daimi baza qura bilər.
NUHÇIXAN “Outlook” jurnalına istinadla xəbər verir ki, bu barədə səsdən sürətli “BrahMos” qanadlı raketlərin istehsalı ilə məşğul olan Rusiya və Hindistanın birgə “BrahMos Aerospace” kompaniyasının sabiq rəhbəri Sivathanu Pillai deyib.
“Hindistan Ayda qıymətli Helium-3 xammalının nəhəng ehtiyatlarının hasilatı və onun yerə çatdırılması üçün baza qura bilər. Helium-3 gələcəyin yeni enerji daşıyıcısıdır. Biz kosmik tədqiqatlar sahəsində bu texnologiyaya tam sahib olan dörd ölkədən biriyik”, - deyə Pillai bildirib. Onun sözlərinə görə, hazırda Hindistandan başqa ABŞ, Çin və Rusiya da Ayda baza qurmağa maraq göstərir.
Xatırladaq ki, bir müddət öncə Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) “Çandrayan-2” zondunu Ay orbitinə çıxarıb. Həmçinin ISRO “Praqyan” lunaxodunu Ay səthinə çatdırmalı olan “Vikram” modulunu Yerin təbii peykinə endirməyə cəhd edib. Lakin eniş mərhələsində modulla əlaqə itirilib.
Helium-3 Günəşdə baş verən proseslər zamanı əmələ gələn məhsuldur. Planetimizi atmosfer qoruduğu üçün yerdə onun miqdarı çox azdır. Atmosferə malik olmayan Ayda isə onun ehtiyatları təxminən 500 min tondan bir neçə milyon tona qədər qiymətləndirilir. Mütəxəssislərin fikrincə, Helium-3 məhsulunun bir tonundan alınacaq enerji 15 milyon ton neftin yanması zamanı əldə olunan enerjiyə bərabərdir.