Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş və beynəlxalq hüquq normalarına zidd olan bu qanunsuz hərəkətləri ucbatından təcrid olunmuş, iqtisadiyyatı çökmüş və demoqrafik problemlərlə üzləşmiş Ermənistan oktyabrın 1-də Yerevanda keçiriləcək Avrasiya İqtisadi Birliyinin sammitində iştirak edəcək İran Prezidenti Həsən Ruhaniyə böyük ümidlər bəsləyir. Söhbət həyata keçirilməsi mümkün olmayan və Ermənistan hökumətinin maliyyə imkanları üçün fantastik məbləğ təşkil edən 3,2 milyard dollarlıq dəmir yolu xəttinin tikintisindən gedir.
NUHÇIXAN erməni KİV-nə istinadla xəbər verir ki, Ermənistan hökuməti bu mövzu ətrafında İran rəsmiləri ilə dəfələrlə müzakirələr aparıb. Erməni şərqşünası Vardan Voskanyan jurnalistlərə müsahibəsində bildirib ki, Türkiyə və Azərbaycanı yan keçməklə çəkilməsi nəzərdə tutulan bu nəqliyyat xətti üzrə proqram hələ 2014-cü ildə qəbul olunub. İndi ermənilər üçün xəyal olan həmin layihənin “dirilməsi” üçün yenidən İran Prezidentinə müraciət ediləcək. Ermənilərin İranı şirnikləndirəcəyi əsas cəhət isə Tehranın guya bu dəmir yolu ilə Qara dənizə və oradan da Çinə daha asan çıxış əldə edəcəyidir. Amma İran-Çin-Ermənistan formatında layihə həyata keçirilməsi xəyalında olan ermənilər özləri də etiraf edirlər ki, iranlı tacirlərin Uzaq Şərqə çıxış üçün istifadə edəcəkləri çoxlu sayda nəqliyyat dəhlizləri mövcuddur. Həsən Ruhaninin səfəri ərəfəsində erməni mətbuatında qaldırılan bu məsələ isə, yəqin ki, yenə də real sərmayəçi olmadığından təxirə salınacaq.
Erməni ekspertləri bildirirlər ki, həmin bahalı layihə bir yana dursun, hökumət heç Ermənistanla İran arasında üçüncü yüksəkgərginlikli elektrikötürücü xəttinin tikintisi və bu ölkəyə İran qazının tədarükünün artırılması məsələlərini belə həll edə bilmir. Əsas səbəb yenə də maliyyə çatışmazlığıdır. Həm də nəzərə alınmalıdır ki, müstəqil olmayan və Rusiyanın müvafiq qurumu tərəfindən iradə edilən Ermənistan dəmir yolu idarəsinə sərmayəçi tapmaq o qədər də asan deyil.