Yeni “iPhone” smartfonlarının və digər texnikaların təqdimatından sonra ABŞ-ın “Apple” kompaniyasının bazar kapitalı yenidən bir trilyon dolları keçib.
NUHÇIXAN xəbər verir ki, “NASDAQ” elektron birjasının saytında yerləşdirilən məlumata əsasən, sentyabrın 11-i axşam saatlarında “Apple” kompaniyasının kapitalı 1 trilyon 10 milyard 443 milyon dollar təşkil edib. Mənzil qərargahı Kaliforniya ştatının Kupertino şəhərində yerləşən kompaniyanın aksiyalarının qiyməti əvvəlki günlə müqayisədə 3,18 faiz bahalaşıb.
Ötən ilin payız aylarında “Apple” bazar kapitalı bir trilyon dolları keçən ABŞ-ın ilk kompaniyası olmuşdu. Sonradan kompaniyanın kapitalı azalaraq 950 milyard dollar ətrafında dəyişirdi.
Sentyabrın 10-da “Apple” kompaniyası “iPhone” smartfonunun, “iPad” planşetinin və “Apple Watch” saatlarının yeni modellərini təqdim edib. 1976-cı ildə əsası qoyulan kompaniya bundan əlavə “iMac” kompüterlərini, “MacBook” noutbuklarını, “iPod” musiqi pleyerlərini və yüksək texnoloji texnikalar istehsal edir. “Apple” son beş il ərzində ABŞ iqtisadiyyatına 350 milyard dollar vəsait yatırıb.