ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) “Hubble” kosmik teleskopunun məlumatları əsasında astronomlar K2-18 b adlı ekzotik planetin atmosferinin yarısının su buxarından ibarət olduğunu müəyyən ediblər. Bu, Günəş sistemi xaricində maye şəklində suyun və yaşayış üçün uyğun temperaturun olduğu yeganə məlum planetdir.
NUHÇIXAN Nature Astronomy elmi jurnalına istinadla xəbər verir ki, K2-18 b planeti Yer kürəsindən 110 işıq ili uzaqdadır və 2015-ci ildə “Kepler” teleskopu tərəfindən kəşf olunub. O, Şir bürcündə yerləşən qırmızı cırtdan ulduzun ətrafında fırlanır. Bundan başqa, bu ekzotik planet Yer kürəsindən 8 dəfə böyükdür və ölçüsünə görə Yerlə Neptun arasında sıralanan superyer kateqoriyasına aid edilir. Onun atmosferindən gələn ulduz şüaları spektri K2-18 b planetinin tərkibində hansı kimyəvi element və birləşmələrin olduğunu müəyyən etməyə imkan verir. Tədqiqatlar nəticəsində məlum olub ki, onun atmosferində buxar şəklində su ilə yanaşı, hidrogen və helium da var. Alimlər həmin atmosferdə azot və metan qazlarının ola biləcəyini də ehtimal edirlər, lakin bunun hələ ki, konkret sübutları yoxdur.
Tədqiqatçılardan biri olan Angelos Tsiaras qeyd edib ki, K2-18 b planetinin ölçüsü Yerdən böyük olduğuna görə “ikinci Yer” adlandırmaq olmaz, çünki onun atmosferi daha sərt və fərqli tərkibə malikdir. Lakin, onun sözlərinə görə, bu kəşf bizim planetin Kainatda yeganə olub olmaması sualına cavab verməyə kömək edir.
K2-18 b planetinin tərkibi və təkamülü ilə bağlı alimlərin tədqiqatları davam etdirilir.