ABŞ və Yaponiyanın texnologiya şirkətləri “Tokio 2020” Olimpiya və Paralimpiya oyunları zamanı təhlükəsizlik xidmətləri tərəfindən istifadəsi nəzərdə tutulan üztanıma sistemi hazırlayıblar.
NUHÇIXAN Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, ABŞ-ın elektron məhsullar istehsal edən “Intel” və Yaponiyanın “NEC” şirkətləri “Neo Face” adlı 1,5 metr hündürlüyündə və 30 santimetr enində olan qurğunu ictimaiyyətə təqdim ediblər. Həmin sistem yarış meydanlarına buraxılacaq idmançıların, jurnalistlərin, xidmət əməkdaşlarının və könüllülərin tanınması üçün girişə cavabdeh olan qruplar tərəfindən istifadə olunacaq. Sistemin idmançıların məskunlaşacaqları yerlərdə quraşdırılması da nəzərdə tutulur.
Oyunların təşkilatçıları tərəfindən buraxılan eyniləşdirmə kartlarını skan edən sistem akkreditasiyadan keçmiş 300 min insanın fotosunu bir an içərisində müqayisə edərək lazım olan şəxsi müəyyənləşdirə bilir.
Şirkətin nümayəndələrinin məlumatına görə, üzün tanınması üçün tətbiq edilən bu sistemdən Olimpiya və Paralimpiya oyunlarında ilk dəfə istifadə ediləcək. Eyniləşdirmə prosesini sürətlə həyata keçirən sistem sənədlərin yoxlanması prosedurunu xeyli asanlaşdıracaq.