Elm adamları 66 milyon il əvvəl yaşanan və dinozavrların, eləcə də canlıların 75 faizinin məhvinə səbəb olan nəhəng bir meteoritin planetimizlə toqquşmasının izlərini daşıyan qaya nümunələri ilə Yer kürəsinin ən “qaranlıq günlərindən” birini aydınlığa çıxarıblar.
NUHÇIXAN xəbər verir ki, ABŞ-ın Texas Universitetinin rəhbərliyi ilə tədqiqat aparan qrup Meksika körfəzinin dərinliklərindəki qayalardan qazma yolu ilə çıxarılan 130 metrlik bir hissənin tərkibindəki qalıqları araşdırıb.
Dinozavrların bu meteorit zərbəsi nəticəsində məhv olduğu və məməlilərin inkişafa başladığı məlumdur. Meteorit toqquşmasının təsirinin İkinci Dünya müharibəsində atılan atom bombasının effektindən 10 milyard qat çox olduğu təxmin edilir. Meteorit Meksikanın Yukatan yarımadasına düşüb və ölçüsü 200 kilometr olan bir krater meydana gətirib. Toqquşmanın nəhəng bir sunami və hətta 1500 kilometr məsafədə yanğınlara səbəb olduğu bilinir. Geoloqlar meteoritin düşməsindən sonra yaranan Çiksulub kraterini 1991-ci ildə kəşf ediblər.
On iki kilometr diametrə malik meteoritin Yer kürəsi ilə toqquşması nəticəsində ölçüsü 100 və dərinliyi 30 kilometr olan bir çuxur meydana gətirib. Sonradan bu çuxurun yan tərəflərinin çökməsi ilə kraterin ölçüsü 200 kilometrə qədər artıb və dərinliyi bir neçə kilometr azalıb. Hazırda kraterin böyük bir qismi dənizin 600 metr dərinliyində qalıqların altındadır. Quruda qalan qismi isə əhəngdaşı ilə örtülmüş bir haldadır. Lakin kənarlarında yaranan karstların meydana gətirdiyi qövslər krateri bəlli edir. 2016-cı ildə ingilis və amerikalı tədqiqatçıların rəhbərlik etdiyi bir qrup həftələrlə həmin kraterdə qazma işləri aparıb.
Komanda bu günə qədər kraterin Çiksulub limanındakı ən yaxşı vəziyyətdə qalan ərazilərindən birində apardığı qazma işləri zamanı 66 milyon illik izləri daşıyan uzun bir qaya nümunəsi çıxarıb. Onun 130 metrlik hissəsi geoloqların Kaynazoy erası (Məməlilər dövrü) adlandırdıqları dövrün ilk gününə aid olan qalıqları özündə saxlayır.
Elm adamları aşkarlanın hissənin tərkibinə nəzərən meteorit düşməsindən sonra baş verənlər haqqında daha ətraflı məlumat əldə edəcəklərini deyiblər. 130 metrlik hissənin altdakı 20 metri tərkibində şüşəyəbənzər tullantılar saxlayır. Bu hissə zərbədən sonrakı saniyə və dəqiqə ərzində kraterin dibinə yayılmış və toqquşma nəticəsində yaranan istilik və təzyiqlə əriyən qayadan ibarətdir. Hissənin ən üst təbəqəsində isə toqquşmadan sonra yaranan sunaminin izləri var. Alimlər toqquşmanın nəhəng dalğalar əmələ gətirdiyini və onların kraterdən yüzlərlə kilometr uzaqlara qədər çatdığına inanır. Ancaq gedən dalğalar geri qayıdanda həmin bölgələrdən tullantılar da gətirib. 130 metrlik hissənin ən üst qatını da məhz onlar təşkil edir. Texas Universitetinin professoru Sean Qulik bütün bunların toqquşmanın ilk günündə baş verdiyini deyir. Bununla yanaşı, üst qatdakı qalıqlar torpaq izləri və toqquşmadan sonra baş verən yanğınların qalığı olaraq kömür də ehtiva edir.
Maraqlısı odur ki, 130 metrlik hissənin heç bir yerində kükürdə rast gəlinməyib. Ancaq meteorit təxminən yarısı kükürd tərkibli minerallardan ibarət olan dəniz dibinə dəyməli idi. Həmin kükürdün xaric edildiyi və ya buxarlandığı təxmin edilir. Bu isə dinozavrların yox olması ilə əlaqədar geniş yayılmış mülahizəni dəstəkləmiş olur.
Belə ki, su ilə qarışan və səmaya yüksələn bu qədər kükürdün iqlimin soyumasına səbəb olduğu və bitki və heyvanların yaşamasını çətinləşdirdiyi təxmin edilir.
Professor Sean Qulikin dediyinə görə, 100 giqaton kükürdün atmosferə daxil olması havanın temperaturunun 25°C enməsinə səbəb olur və belə vəziyyət ən azı 15 il davam edir. Bu isə dünyanın bir çox bölgəsində havanın temperaturunun donma dərəcəsindən də aşağı olması deməkdir. Professor meteorit düşməsindən sonra atmosferə 325 giqaton kükürdün daxil olduğunu qeyd edib. Uzun illər ekstremal vəziyyətə çatan həmin iqlim dəyişikliyi dinozavrların sonu olub və məməlilər bu vəziyyətdə sağ qalıblar.