Ermənistanda politoloqların bəyanatları və son hadisələr göstərir ki, Paşinyan hökumətindəki yeni istefalar daxili siyasi gərginliyin əlamətidir. NUHÇIXAN erməni KİV-nə istinadla xəbər verir ki, bu fikirləri təsdiq edən politoloq Armen Badalyan keçirdiyi mətbuat konfransında yenicə istefaya göndərilmiş Milli Təhlükəsizlik Xidmətinin sabiq başçısı Artur Vanetyanın Paşinyana qarşı yeni siyasi hərəkat yarada biləcəyini əlavə edib.
Politoloq vurğulayıb ki, Vanetsyan xalq arasında nüfuzu getdikcə azalan Paşinyan hökumətinə yaxşı alternativ ola bilər. Onun sözlərinə görə, Paşinyana qarşı yeni siyasi güc mərkəzi məhz Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları hesabına formalaşa bilər. Badalyan hesab edir ki, Ermənistanın sabiq prezidentləri Robert Koçaryanın və Serj Sarkisyanın əks siyasi qütbə rəhbərlik etmək şansları yoxdur və bu məsələdə tamamilə yeni siyasətçilər önə çıxmalıdır. Bundan başqa, onların tərəfdarlarının təmsil olunduğu Respublikaçılar Partiyasının da sıraları getdikcə seyrəlir. Politoloq bu amillərə söykənərək iddia edib ki, Vanetsyanın qarşısında dura biləcək heç bir siyasi güc olmayacaq.
Badalyan əlavə edib ki, MTX-nin sabiq sədri reytinqinə görə Paşinyandan geri qalmır, onun kifayət qədər imkanları və xarici dəstəyi var. Politoloqun sözlərinə görə, Rusiyanın timsalında Vanetsyanın ciddi dəstəyi var. MTX sədrinin öz istefası ilə bağlı açıqlamasında “biri sanki mənə “dayan” deyir!” sözləri də mübhəm məqamlardan xəbər verir. Paşinyanın mətbuat katibi onun bu sözlərini şərh etməkdən imtina edib.
Ermənistan baş nazirinin MTX sədrindən sonra ölkənin polis rəisi Valeri Osipyanı da istefaya göndərməsi iqtidar daxilində ciddi ziddiyyətlərin daha bir göstəricisidir. Paşinyanın aparat rəhbəri bildirib ki, baş nazir onların fəaliyyətindən narazı olub, lakin hər iki sabiq vəzifəli şəxs cinayətdə ittiham edilmir. Belə ki, Vanetsyan Futbol Federasiyasının sədri, Osipyan isə baş nazirin müşaviri təyin ediliblər. Politoloqlar hesab edirlər ki, Paşinyanın bu kosmetik addımları iqtidarın daxilində getdikcə güclənən ziddiyyətlərin qarşısını ala bilməyəcək.