ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi (NASA) sentyabrın 20-də bəyan edib ki, Aya göndəriləcək “Space Launch System” (SLS) ağır raketinin mərkəzi blokunun yığılması üzrə işlər başa çatdırılıb. NUHÇIXAN xəbər verir ki, bu barədə agentliyin saytında məlumat yerləşdirilib.
Qeyd olunub ki, NASA-nın Luiziana ştatındakı Yeni Orlean şəhərində yerləşən müəssisəsində mütəxəssislər raketin mərkəzi blokunun sonuncu – beşinci hissəsini (mühərrik bölməsi) qaynaq ediblər. SLS-in yığılması prosesinə rəhbərlik edən Culi Bassler bildirib ki, yaxın vaxtlarda mühərrik bölməsində dörd RS-25 motoru quraşdırılacaq. Onun sözlərinə görə, hazırda mütəxəssislər avionika və güc qurğularının son sınaqlarını həyata keçirirlər.
Bu ilin avqustunda ABŞ-ın vitse-prezidenti Maykl Pens Milli Kosmik Şurasının iclasında bəyan etmişdi ki, SLS-in yığılması bu ilin sonunadək başa çatdırılacaq. Onun sınaq uşusunun bu il həyata keçirilməsi nəzərdə tutulsa da, sonra raketin fəzaya test buraxılışını 2020-ci ilin ikinci yarısına qədər təxirə salıblar.
Yazda NASA bəyan edib ki, Ayın tədqiqi üzrə yeni proqram “Artemis” adlanacaq. O, üç mərhələdən ibarət olacaq: Birinci mərhələdə - 2020-ci ildə “Orion” pilotsuz kosmik gəmisinin Ayın orbitində sınaq uçuşları və onun yerə qayıtması, ikincidə - 2022-ci ildə pilotlu missiyanın Yerin təbii peykinin ətrafında uçuşu nəzərdə tutulur. Nəhayət, 2024-cü ildə Amerika astronavtlarının Ayın səthinə enməsi həyata keçiriləcək.
Mayda Prezident Donald Trampın Ay missiyasına 1,6 milyard dollar ayırmasında sonra Ağ ev bəyan edib ki, daha 21 milyard dolların ayrılması məqsədilə Konqresə müraciət göndəriləcək. Maliyyə vəsaitinin ABŞ-da yeni maliyyə ilinin əvvəlində - oktyabrın 1-də veriləcəyi gözlənilir.