“Rusiya Dəmir Yolları” Dövlət Şirkəti (RJD) Ermənistanla bağlanmış sazişə xitam vermək niyyətindədir.
NUHÇIXAN xəbər verir ki, Ermənistan “RJD”nin “Cənubi Qafqaz Dəmir Yolları” (CQDY) törəmə şirkətinin işini əngəllədiyi üçün şirkət Ermənistanla bağlanmış sazişə xitam verməyi planlaşdırır. Bu barədə Rusiyanın “RTVI” kanalına Rusiya nəqliyyat nazirinin müavini Vladimir Tokaryev məlumat verib.
Kanal bildirir ki, Ermənistan hakimiyyəti CQDY-də axtarışlar apardıqdan və törəmə şirkətə qarşı cinayət işi açdıqdan sonra RJD ilə Yerevan arasında münasibətlər pisləşib. 2018-ci ildə şirkəti 19 min dollar məbləğində vergidən yayınmaqda təqsirləndirən rəsmi Yerevan onun ofisində axtarışlar aparıb. Ermənistan nəqliyyat nazirinin keçmiş müavininə qarşı cinayət işi açılanda isə onun CQDY-də yoxlamalar zamanı aşkarlanan qanun pozuntularını guya gizlətdiyi üzə çıxıb. Ümumilikdə Ermənistanda CQDY-yə qarşı 7 cinayət işi açılıb.
CQDY şirkətindən “RTVI” kanalına bildiriblər ki, əgər Ermənistan Rusiyaya təzyiq göstərmədən işi araşdırmaq niyyətində olsaydı, beynəlxalq məhkəməyə müraciət edərdi. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə mübahisəli məsələləri həll etmək üçün Paris arbitrajına müraciət olunması nəzərdə tutulub. Bunun əvəzində, Ermənistan Rusiya şirkətinə qarşı silsilə cinayət işləri açmağa üstünlük verir.
Rusiya münaqişəni danışıqlar yolu ilə həll etməyə çalışaraq, aidiyyəti nazirliklər və Ermənistan baş nazirinin müavini Mger Qriqoryanla müzakirələr aparıb. Lakin bu, heç bir nəticə verməyib.
İndi Moskva Ermənistanla bağlanmış müqavilədən çıxmağı düşünür. V.Tokaryevin sözlərinə görə, Ermənistan işi o yerə gətirib çıxarıb ki, CQDY artıq Yerevanda işləyə bilmir. Şirkətin 10 il ərzində fəaliyyətinə dair bütün sənədlər müsadirə olunub, sübutsuz ittihamlar irəli sürülür. Nazir müavini təsdiq edib ki, Rusiya tərəfi Ermənistanla müqaviləyə vaxtından əvvəl xitam vermək məsələsi üzərində ciddi işləyir.