Türkiyənin göz bəbəyi İstanbul olduğu kimi, İstanbulu da “Taksim” meydanı, “İstiqlal Caddesi”z təsəvvür etmək mümkünsüzdür. Şəhərə gələn istər yerli, istərsə də xarici turistlərin ilk üz tutduqları məkan da məhz “Taksim”dir.
Tarix boyunca bir çox siyasi və ictimai hadisələrə şahid olan indiki “Taksim” meydanında 1732-1733-cü illərdə şəhərin müxtəlif bölgələrindən suyun çəkilərək, əhali arasında “taksim edildiyi” (bölündüyü) “Maksim” binası inşa edilib. Hazırda “Taksim” meydanında yerləşən səkkizguşəli bu bina Osmanlı dövlətinin padşahlarından olan I Mahmud tərəfindən tikdirilib. Bir zaman sonra “taksim etmək” və “Maksim” sözləri bir-birinə qarışaraq tikilinin inşa edildiyi bölgə əhalisi arasında Taksim olaraq adlandırılmağa başlanır. 1928-ci ildə burada inşa edilən “Cümhuriyyət abidəsi” isə bölgənin tam olaraq meydan adını qazanmasında əsas rol oynayır. Abidə iki il yarım zaman ərzində italiyalı heykəltəraş Pietro Canonica tərəfindən hazırlanıb. Yüksəkliyi 11 metr olan abidədə türk xalqının ulu öndəri Mustafa Kamal Atatürkün və onun silahdaşlarının heykəlləri yer alır.
”Taksim” meydanında yerləşən indiki “Gezi parkı”nın yerində 1806-cı ildə bölgənin topçu kazarması inşa edilməyə başlanır. Böyük maddi çətinliklərlə 133 il fəaliyyət göstərən kazarma 1939-cu ildə dağıdılaraq yerində park inşa edilir.
“Taksim” meydanını tramvaysız təsəvvür etmək mümkün deyil. Şəhərin Azadqapı-Beşiktaş bölgələri arasında fəaliyyət göstərən ilk tramvay 1871-ci ildə atlar vasitəsilə hərəkət etdirilib. 1912-ci ildə Balkan savaşının başlaması ilə ölkədəki bütün atlar, o cümlədən tramvay xəttində istifadə edilən atlar da cəbhəyə göndərilib. Bu səbəbdən iki il ərzində İstanbulda tramvay sisteminin fəaliyyəti dayandırılıb. 1913-cü ildə “Silahtarağa” elektrik fabrikinin qurulması ilə Türkiyədə elektrikli tramvayların istehsalına başlanılıb. Bununla da ikiillik fasilədən sonra 1914-cü il fevralın 11-də İstanbulda yenidən tramvayların fəaliyyəti bərpa olunub. İstanbulun məşhur “İstiqlal Caddesi”nin əvəzolunmaz rəmzinə çevrilən Taksim tramvayının fəaliyyəti bu müddətdə inkişaf edən texnologiya və şəhərin yenilənməsi işləri ilə əlaqədar iki dəfə-1961-ci və 1966-cı illərdə dayandırılıb.
“Taksim” meydanından şəhərin Tunel bölgəsinədək təxminən 1400 metr uzunluğu olan “İstiqlal Caddesi” ərazinin doqquz ayrı məhəlləsini əhatə edir.
Burada restoranlar və əyləncə məkanları günün hər saatında fəaliyyət göstərir. Şabalıd qoxusu, simiti, “Maraş” dondurması, küçə musiqiçiləri, tarixi şirniyyatçıları ilə məşhur “Taksim” meydanı və “İstiqlal Caddesi” Türkiyənin, o cümlədən dünyanın ən çox turist qəbul edən bölgələrindən biridir. Hər gün “Taksim” meydanı və “İstiqlal Caddesi”ndən təxminən iki milyona yaxın insan keçir.
Uzun zamandır nəqliyyat vasitələrinin girişi qadağan olunan bu bölgəyə yalnız təcili tibbi yardım və polis maşınlarının girişinə icazə verilir.
Hazırda “Taksim” meydanında təməli 2017-ci ildə qoyulan “Taksim” məscidi inşa edilir. Təxminən 2 482 kvadratmetr ərazidə inşası davam edən məscidin bir il ərzində istifadəyə verilməsi nəzərdə tutulur.