ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) mütəxəssisləri 50 il bundan əvvəl “Apollon-11” kosmik gəmisində Aya səyahət etmiş astronavtlar Nil Armstronq, Edvin Oldrin və Maykl Kollinzin karantində olduqları laboratoriyanı sökməyə hazırlaşırlar.
NUHÇIXAN NASA-nın mətbuat üçün açıqlamasına istinadla xəbər verir ki, içərisində Aydan gətirilmiş nümunələr olan astronavtların laboratoriya kompleksi Texas ştatındakı Conson adına Komik Mərkəzin ərazisində yerləşir. O, 1967-ci ildə “Apollon-11” ekipajının üzvlərinin Aydan Yerə qayıtdıqdan sonra karantin müddətini keçirmələri məqsədilə inşa edilib. Nil Armstronq, Edvin Oldrin və Maykl Kollinz burada üç həftə müddətində təhlükəli xəstəliklərə qarşı profilaktika keçiblər. Həmin müddətdə alimlər onların Aydan gətirdikləri süxurları da öyrəniblər.
Associated Press agentliyinin xəbərinə görə, laboratoriyanın binası çox köhnəlib və burada təmir aparmaq mümkün deyil. Hətta dəhlizlərdə gəzmək belə təhlükəlidir. Onun içərisindəki avadanlıq və nümunələri isə NASA suvenir kimi götürüb. Laboratoriya kompleksi 1972-ci ildən sonra astronavtların səhhətini yoxlamaq məqsədilə istifadə olunub. 2015-ci ildə NASA orada audit keçirib və tərtib etdiyi aktda göstərib ki, binadan istifadə etmək mumlun olmayacaq. Bundan başqa, artıq iki ildir sahibsiz qalmış köhnəlmiş laboratoriyanın saxlanılması da büdcəyə baha başa gəlirmiş.
2020-ci ildə laboratoriya binasını sökəcək “HDR Architecture” şirkəti NASA ilə kontrakta əsasən 5,7 milyon dollar alacaq. Kosmik Mərkəzin əməkdaşları bildiriblər ki, tarixi bina ilə vidalaşmaq onlar üçün çətin olacaq. Bu səbəbdən onun fasadı və interyerin detalları yaxınlıqdakı parkda abidə kimi saxlanılacaq.