2020-ci ilin fevralında Yaponiya mütəxəssisləri gələcəkdə Ay missiyasında istifadə olunacaq səyyar bazanı Antarktidada sınaqdan keçirəcəklər. NUHÇIXAN “Asashi Shimbun” qəzetinə istinadla xəbər verir ki, Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA), Yapon Qütb Tədqiqatları Milli İnstitutu və “Misawa Homes” tikinti şirkəti bu ekspedisiyaya dəstək verəcəklər. Bu məqsədlə Yaponiyanın “Syova” antarktik stansiyasında 6 metr x 2, 5 metr eni və 3 metr hündürlüyü olan xüsusi yaşayış blokları quraşdırılacaq və onlar qarın üzərində hərəkət etmək üçün diyircəklərlə təchiz ediləcək.
Qeyd olunur ki, yüngül çəkiyə malik olacaq bloklar həm də tufana və küləyə qarşı maksimal davamlı olacaq. Məlum olduğu kimi, Antarktidada güclü küləklər hökm sürür. Eyni zamanda, bu bloklar istini buraxmayan materialdan hazırlanır, onun içərisindəki elektrik enerjisi isə günəş batareyaları sayəsində hasil olunacaq. Yapon mütəxəssislər bu blokları ən soyuq temperaturda sınaqdan keçirmək istəyirlər. Belə ki, onlar Ayda da həmin şaxtaların olduğunu nəzərə alıblar.
Son zamanlar Yaponiya hökuməti Ayın öyrənilməsinə xüsusi diqqət yetirir. Bir neçə iri şirkətlər, o cümlədən avtomobil nəhəngi “Toyota” innovativ pilotlu lunoxodun yaradılmasında iştirak etməyi qərara alıblar. Onun salonunda skafandr olmadan da oturmaq mümkün olacaq. Bundan başqa, 2040-cı ildə Ayın səthində min nəfərin yaşaya biləcəyi yaşayış modulunun da yaradılması təklifləri nəzərdən keçirilir.