Çilidə 2800 tonluq E-ELT günbəz optik teleskopunun tikintisinə başlanılıb. Gələn onilliyin ortalarında istifadəyə veriləcəyi nəzərdə tutulan bu nəhəng obyekt dünyanın ən böyük optik teleskopu olacaq.
NUHÇIXAN Avropa Cənub Rəsədxanasının (ESO) mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, E-ELT (Avropa Ekstremal Geniş Teleskopu) ən bahalı və iddialı yerüstü teleskop layihəsidir. Onun ümumi dəyəri 1 milyard avrodan çox olacaq. Həmin vəsaitin böyük hissəsi avadanlıq hazırlanması və rəsədxana binasının tikintisinə xərclənəcək. Teleskopun ən mürəkkəb və bahalı komponenti isə rekord böyük həcmdə - diametri 39 metr olacaq güzgüdür. O, 1,4 metrlik 798 altıbucaqlı seqmentdən ibarət olacaq.
Məlumatda qeyd olunur ki, bu nəhəng güzgünün ətrafındakı 4,2 və 3,75 metr diametrlik səthi əks etdirəcək iki köməkçi güzgü də E-ELT-yə Günəş sisteminin hüdudlarından kənarda yerləşən və digər qalaktikalarda olan planet və ulduzların fotoşəklini çəkməyə, həmçinin Yer kürəsinin əkizini tapmağa imkan yaradacaq. Eyni zamanda, alimlər bu rəsədxana vasitəsilə Süd Yolu qalaktikasının mərkəzində yerləşən nəhəng Sgr A* qara dəliyinin ətrafını da müşahidə etməyi planlaşdırırlar.
Rəsədxananın tikintisinə yeni başlansa da, mütəxəssislər artıq 3 ildir ki, onun əsas komponentlərini – güzgüləri, elmi alətləri və digər avadanlıqları hazırlamaqla məşğul olurlar. Buradakı ən nəhəng komponentin – 400 milyon avro dəyəri olan əsas güzgünün istehsalı üzrə kontrakt isə Almaniyanın SCHOTT və Fransanın Safran Reosc şirkətlərinə verilib.