BMT Baş katibi Antonio Quterreşin 2 oktyabr - Beynəlxalq Qeyri-Zorakılıq Günü münasibətilə bəyanatı yayılıb. NUHÇIXAN təşkilatın saytına istinadla xəbər verir ki, Hindistan azadlıq hərəkatının lideri, qeyri-zorakılıq fəlsəfəsi və strategiyasının banisi Mahatma Qandinin ad günü ilə əlaqədar təsis edilən bu əlamətdar gün bütün dünya ictimaiyyəti tərəfindən qeyd edilir.
Baş katibin bəyanatında deyilir: “Qandi həmişə bizim əməlimizlə nəyə qadir olduğumuz arasında uyğunsuzluq olduğunu qeyd edirdi. Bu Beynəlxalq gündə mən hamını və hər kəsi bəşəriyyətin xoşbəxt gələcəyinin qurulması naminə bu fərqi aradan qaldırmaq üçün öz gücünü əsirgəməməyə çağırıram”.
Xatırladaq ki, 2007-ci il iyunun 15-də BMT Baş Assambleyasının qəbul etdiyi qətnamə ilə 2 oktyabr tarixi Beynəlxalq Qeyri-Zorakılıq Günü kimi qeyd edilir. Qəbul olunmuş sənəddə bu beynəlxalq günün məqsədinin sülh, dözümlülük, anlayış və zorakılıqdan imtina mədəniyyətinin təsdiqi olduğu qeyd edilir.