Qazaxıstan Milli Bankı “Sevilən heyvanlar – köçəri totemləri” silsiləsindən “Üki” (yapalaq) adlı yeni kolleksiya sikkələri buraxıb. NUHÇIXAN xəbər verir ki, bu barədə Milli Bankın məlumatında bildirilir.
Qeyd olunur ki, 5 min və 500 təngə dəyərində olan, habelə melxior ərintisindən düzəldilmiş 200 və 100 təngəlik sikkələr kolleksiyaçılar üçün nəzərdə tutulub. Onların dizaynı “sak tayfasının heyvan təsviri üslubu” əsasında yaradılıb. Bayquşkimilər fəslindən olan yapalaq bir çox xalqlarda müdriklik, bilik və uzaqgörənlik rəmzi hesab olunur. Köçəri tayfalar bu quşu müqəddəs sayıblar və onun insanları bəd nəzərdən qoruyacağına inanıblar.
Milli Bankın məlumatında bildirilir ki, 5 min və 500 təngə dəyərində olan gümüş sikkələr nazik qızıl təbəqə ilə örtülüb və üzərində brilyant daş yerləşdirilib.
Sikkələr Qazaxıstan Milli Bankının zərbxanasında hazırlanıb. Yaxın günlərdə onların tədavülə buraxılması gözlənilir.