“Juno” planetlərarası stansiyası növbəti aylarda öz fəaliyyətini davam etdirməyə mane olacaq Yupiter planetinin kölgəsindən qurtula biləcək. Bu manevrin nəticəsində onun günəş batareyaları yetərincə istini və işığı qəbul etməyə davam edəcək.
NUHÇIXAN ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) saytına istinadla xəbər verir ki, “Juno” missiyasının rəhbəri Skott Bolton deyib: “Mühərriklərin uğurla işə salınması noyabrın 3-də baş verəcək Yupiter kölgəsindən qurtulmağa kömək edəcək. Bu ideya əvvəllər həndəsi cəhətdən ölümcül sayılan problemləri həll etməyə imkan verir. İndi mən kosmik zondun donacağı və ya məhv olacağından nigaran deyiləm”.
“Juno” zondu 2011-ci ilin avqustunda Yupiter planetini tədqiq etmək üçün kosmosa göndərilib. Bu kosmik aparat 2016-cı ilin iyulunda qaz nəhənginə çatıb və rekord səviyyədə yüksək sürətlə hərəkət edərək sabit orbitə çıxa bilib. Sonrakı iki ay ərzində “Juno” alətlərin yoxlanılması və orbitin ilkin qiymətləndirilməsi işlərini aparıb. Həmin ilin oktyabrında onun daha aşağı – “elmi” orbitə çıxması planlaşdırılsa da, mühərrikdə yaranmış problem səbəbindən bu əməliyyatı yerinə yetirmək mümkün olmayıb. Nəticədə Yupiterə yaxınlaşmaq planı təxirə salınıb və bugünədək aparatın partlayacağı ehtimalına görə bu adım atılmayıb. Yüksək orbitdə öz işini davam etdirən “Juno” hər iki aydan bir Yupiterə yaxınlaşıb. Lakin alimlər missiyanın elmi proqramını yerinə yetirə bilməyiblər və planetin xüsusiyyətlərini öyrənməkdə çətinlik çəkiblər.
Məsələ ondadır ki, NASA-nın digər kosmik aparatlarından fərqli olaraq, “Juno” avtonom deyil, radioizotop enerji mənbəyi ilə təchiz edilib. Bu zondun üzərində iri günəş batareyaları quraşdırılıb. Beləliklə, onun fəaliyyət göstərməsi Günəş sistemindən gələn işığın səviyyəsi və kosmik radiasiyanın gücündən asılıdır.