Oktyabrın 4-də, Bakı vaxtı ilə saat 22:51-də Çin Yerin məsafədən mikrodalğalı və yüksək keyfiyyətli görüntü ilə zondlanması üzrə “Gaofen-10” peykini kosmosa buraxıb. NUHÇIXAN xəbər verir ki, bu məlumatı “China Daily” qəzeti yayıb.
Qəzetin Çinin rəsmi mənbələrinə istinadla verdiyi məlumatda qeyd olunur ki, peykin “Long March 4S” raketdaşıyıcısı ilə kosmik fəzaya göndərilməsi ölkənin şimalında yerləşən Şansi əyalətindəki Tayyuan kosmodromundan həyata keçirilib. Peykin üzərində yerləşdirilmiş optik cihaz yüksək keyfiyyətli fotoşəkillər çəkməyə imkan verir.
Bildirilir ki, “Gaofen-10” şəhər yol şəbəkələrinin layihələşdirilməsi, şəhərsalma, kənd təsərrüfatında məhsuldarlığın qiymətləndirilməsi, habelə təbii fəlakətlərin monitorinqi və nəticələrinin aradan qaldırılması məqsədləri ilə Yerin səthinin müşahidə edilməsində istifadə olunacaq.
Bu peykin buraxılması ilə “Long March 4S” raketinin 314-cü uğurlu startı həyata keçirilib.