Tacikistan parlamentinin aşağı palatasının qərarı ilə Mərkəzi Asiyada ən böyük “Yakcilva” gümüş yatağı Çinin “Kaşi Sinyun Dadi Mayninq İnvestment Limited” şirkətinə satılıb.
NUHÇIXAN xəbər verir ki, Dağ-Bədəxşan Muxtar Respublikasında olan gümüş yatağında ilkin tədqiqatlara görə 204 ton 920 kiloqram gümüş var.
Tacik geoloqlarının fikrincə, “Yakcilva”dakı gümüş ehtiyatı Mərkəzi Asiyanın ən böyük gümüş yatağı sayılan “Böyük Koni Mansur” yatağındakı ehtiyatlardan qat-qat çoxdur. Belə ki, “Yakcilva”da bir ton filizin tərkibində 640 qram gümüş varsa, “Böyük Koni Mansurda” bu, 50 qramdır.
Xatırladırıq ki, Çinin “Bir kəmər, bir yol” proqramının həyata keçirilməsində Mərkəzi Asiya ölkələri mühüm rol oynayır. Belə ki, Mərkəzi Asiya Çin üçün Ön Asiya və Yaxın Şərqə çıxış yoludur və regionda faydalı qazıntılarla zəngin olan yataqlar var. Çin Mərkəzi Asiya ölkələrində həyata keçirilən infrastruktur və iqtisadi layihələrə həvəslə sərmayə qoyur.