ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) Beynəlxalq Kosmik Stansiyada fəaliyyət göstərən astronavtları Kristina Kuk və Endryu Morqan stansiyanın batareyalarını dəyişmək üçün açıq kosmosda apardıqları işləri başa çatdırıblar. NUHÇIXAN xəbər verir ki, onların əməliyyatı və stansiyaya qayıtması prosesi NASA-nın saytında canlı yayımlanıb.
NASA-nın məlumatında bildirilir ki, stansiyanın ətrafında - açıq kosmosda aparılan əməliyyat nəzərdə tutulan 6,5 saatdan çox - 7 saata başa çatdırılıb. Kosmik fəzada aparılan işləri stansiyadan astronavt Cessika Meyr idarə edib. Qeyd olunub ki, astronavtlar stansiyaya hidrogen-nikel elementlərinin yerinə iki yeni litium-ion batareyalarını quraşdırıblar. Yeni enerji elementlərinin quraşdırılmasını davam etdirmək üçün onlar daha üç dəfə - oktyabrın 16-da, 21-də və 25-də açıq kosmosa çıxacaqlar.
Hazırda Beynəlxalq Kosmik Stansiyada NASA-nın astronavtları Kristina Kuk, Endryu Morqan və Cessika Meyrlə yanaşı, rusiyalı kosmonavtlar Aleksandr Skvortsov və Oleq Skripoçka, habelə Avropa Kosmik Agentliyinin təmsilçisi Luka Parmitano (İtaliya) fəaliyyət göstərirlər.