BMT-nin Baş katibi Antoniu Quterreş qurumun son on illərin ən ciddi maliyyə böhranı ilə üzləşdiyini və bu səbəbdən əməkdaşların artıq noyabr ayında maaş ala bilməyəcəyi riskinin olduğunu bildirib.
NUHÇIXAN France-Presse agentliyinə istinadla xəbər verir ki, Antoniu Quterreş bu barədə BMT Baş Assambleyasının büdcə komitəsində çıxışı zamanı deyib.
“BMT ayın sonuna qədər özünün maliyyə ehtiyatlarını tükədə və əməkdaşlarına maaş vermək qabiliyyətini itirə bilər”, - deyə qurumun son on illər ərzində üzləşdiyi ən ciddi maliyyə böhranı barədə xəbərdarlıq edən Antoniu Quterreş bildirib.
Sentyabr ayının sonlarına olan məlumata əsasən, üzv dövlətlərin ödəmələri gecikdirməsi səbəbindən təşkilatın büdcəsində 230 milyon dollarlıq boşluq yaranıb.
Ümumilikdə 64 ölkə BMT-yə borclu qalıb. Qurum onların siyahısını dərc etməsə də, əsas borclular arasında ABŞ, Braziliya, Argentina, Meksika və İranın adları çəkilir. Həmçinin ödəmələri Venesuela, Şimali Koreya, Cənubi Koreya, Konqo Demokratik Respublikası, İsrail və Səudiyyə Ərəbistanının gecikdirdiyi bildirilir.