Tokio dörd il fasiləsiz “Dünyanın ən yaxşı böyük şəhəri” seçilib

A- A A+

ABŞ-ın “Condé Nast Traveller” nəşrinin oxucuları Tokionu 2019-cu il üzrə “Oxucu seçimi” nominasiyasında dünyanın birinci ən yaxşı böyük şəhəri seçiblər.

NUHÇIXAN Tokio hökumətinə istinadla xəbər verir ki, Yaponiya paytaxtı “Condé Nast Traveller” nəşri tərəfindən dörd il fasiləsiz olaraq “Oxucu seçimi: Dünyanın ən yaxşı 10 böyük şəhəri” adına layiq görülüb.

ABŞ-ın səyahəti sevən oxucuları arasında populyarlığı ilə seçilən bu jurnalı Tokionu ABŞ-dan kənar şəhərlər siyahısında birinci elan edib.

Oxucular dünyanın ən yaxşı şəhərini bir sıra təşəbbüslərə, o cümlədən dövlət və özəl sektorun birlikdə hazırladığı turizmin inkişafına və səyyahlara gücləndirilmiş dəstək proqramlarına görə layiq biliblər.

Qeyd edilir ki, beynəlxalq turizm sahəsində aparıcı mövqeyə malik olan Tokio həqiqətən də ənənələrin və innovasiyaların daha çox əks olunduğu yerlərə ziyarətçilərin cəlb edilməsi üzərində əzmlə çalışır.

Beləliklə jurnalın dərc etdiyi siyahıda Tokio birinci, Kioto ikinci, Sinqapur üçüncü yeri tutur. Digər yerlər isə aşağıdakı ardıcıllıqla müəyyənləşib – Vyana (Avstriya), Osaka (Yaponiya), Kopenhagen (Danimarka), Amsterdam (Niderland), Barselona (İspaniya), Taybey (Tayvan) və Sidney (Avstraliya).

Yaponiya paytaxtının bu uğurunu yüksək qiymətləndirən Tokionun qubernatoru Yuriko Koike isə bu xəbərin onu çox sevindirdiyini bildirib: “Condé Nast Traveller” oxucularının Tokionu dördüncü dəfə dünyanın ən yaxşı böyük şəhəri seçməsi məni çox sevindirir.

Ötən il Tokioya daha çox turist gəlmişdi və hazırda bu şəhər Yaponiyada keçirilən reqbi üzrə dünya çempionatının təşkil edildiyi şəhərlərdən biridir. Dünyanın hər yerindən gələn pərəstişkarların bu şəhərdə toplanması bizi çox həyəcanlandırır.

2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunları zamanı isə biz öz şəhərimizdə daha çox səyahətçini salamlamaq imkanı qazanacağıq. Buna görə də biz Tokionun görməli yerləri haqqında daha çox informasiya yayaraq, onun dünyanın aparıcı turizm istiqamətlərindən birinə çevrilməsinə çalışırıq”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: