Hazırda dünyada hava nəqliyyatı ilə səyahətlərə tələbat durmadan artır, mülki aviasiya pilotlarının sayı isə məhduddur. Dünyanın iki nəhəng təyyarə istehsalçısı – “Boeing” və “Airbus” nəzəri cəhətdən pilotsuz təyyarə hazırlaya bilsə də, onların geniş istehsalı hələlik mümkün deyil.
NUHÇIXAN BBC telekanalının reportajına istinadla xəbər verir ki, pilotsuz uçuşlarla bağlı ideyanı bu il Parisdə keçirilən aviasalon vaxtı “Airbus” irəli sürüb. Qeyd olunur ki, onun əsas rəqibi – “Boeing” də bu ideyanın həyata keçirilməsi üzərində işləyir. Bu planın hazırlanması heç də təsadüfi deyil. Hesablamalara görə, qarşıdakı 20 ildə mülki aviasiyada bütün dünya üzrə 800 min yeni pilota ehtiyac olacaq. “Boeing” bəyan edib ki, bu problem ildən-ilə daha aktuallaşır. Yeganə çıxış yolu – pilotsuz avialaynerlərin hazırlanması isə aşağıdakı üç əsas səbəbdən mümkün görünmür.
Siyasət
Hər bir təşəbbüsün həyata keçirilməsində udan və uduzanların olması labüddür. Avtomobilin icad edilməsi qatarlara tələbatı azaltdı, eyni zamanda, yeni iş yerlərinin açılması ilə yanaşı, bir çox insan da işini itirdi. Hava nəqliyyatı da, öz növbəsində, avtomobil nəqliyyatı ilə səyahətə tələbatı minimuma endirdi. Ekspertlər bildirirlər ki, pilotsuz təyyarə istehsalı arxalarında güclü həmkarlar konfederasiyalarının olduğu pilotların işsiz qalması ilə nəticələnə bilər. Məsələn, Beynəlxalq Pilotlar Assosiasiyası (ALPA) bütün dünya üzrə 63 min aviatorun maraqlarını müdafiə edir. Bundan əvvəl də, texnoloji tərəqqi nəticəsində, təyyarənin ekipajına daxil olan və cihazlara nəzarət edən bortmühəndis ştatı təxirə salınmışdı. İndi ALPA pilotsuz təyyarə ideyasının həyata keçirilməsinin qarşısını almaq üçün özünün bütün imkanlarından istifadə edir. Bu məsələdə hökumətlər də ona dəstək verir.
Sığorta
Məlum olduğu kimi, avialaynerlər çox bahalıdır. Məsələn, bir dəhlizi olan kiçik “Boeing-737” təyyarəsi 100 milyon dollardır. İkikeçidli geniş füzelyajlı “Boenig-777” isə 300 milyon dollardan bahadır. “American Airlines” şirkəti 2011-ci ildə təyyarə parkının yenilənməsinə 30 milyard dollar xərcləyib. Bu xərcləri doğrultmaq üçün aviaşirkətlər çoxlu uçuşlar həyata keçirməlidirlər ki, bu da müəyyən risklər yaradır. Elə bu vaxt sığorta şirkətləri dairəyə girirlər. Onların xidmətləri də aviaşirkətlərə milyardlarla dollara başa gəlir. Digər tərəfdən, sığorta şirkətləri bildirirlər ki, pilotsuz təyyarələrin qəza ehtimalı da çoxdur və bu, onları müflis edə bilər.
Aviaşirkətlərin daha bir risk amili proqram təminatı ilə bağlıdır. İndi haker hücumlarına qarşı kodlar o dərəcədə mürəkkəbdir ki, onları tez-tez yoxlamaq daha çətinləşib. 2008-ci ildə ABŞ-ın dövlət nəzarət orqanları xəbərdarlıq ediblər ki, təyyarənin multimedia əyləncə sistemi vasitəsilə hakerlər pilotların komandasını asanlıqla ləğv edə bilirlər. Bu il isə, peşəkarlardan ibarət qrup radiodalğalardan istifadə edərək məsafədən “Boeing-757” təyyarəsinin sisteminə girə biliblər.
Maaşlar
Aviaşirkətlərin gəlirlərinin böyük bir hissəsi pilotların maaşlarının verilməsinə sərf olunur. Reaktiv avialayneri idarə edən və ən azı beş il stajı olan pilot ildə 147 min dollar maaş alır. Daha təcrübəli pilotlar, hava gəmisinin kapitanları isə ildə 300 min dollaradək əməkhaqqı alırlar. Bu rəqəmlər reallığı əks etdirir, pilot çatışmazlığı var və bu çətin peşəyə yiyələnmək də ağır və bahalıdır. Bu səbəbdən aviaşirkətlər pilotsuz avialaynerlər ideyasını ortaya atıblar. İsveçrənin UBS bankının analitiklərinin hesablamalarına görə, pilotların ləğvi hər il 35 milyard dollar vəsaitə qənaət etməyə imkan verər. Bunun ən yaxın müddətdə mümkün olmayacağını başa düşən iqtisadçılar təyyarə ekipajının sayını iki pilotdan cəmi bir pilota endirməyi təklif edirlər. Onların sözlərinə görə, bu addım 15 milyard dollar qənaət etməyə imkan verəcək.
UBS-in analitiki Selin Fornaro bildirib ki, avialaynerlərin bir pilotla uçması ideyası artıq 2022-ci ildə reallaşa bilər. Lakin bu təklif də risklidir. Avtomatikanın səhv etməsi və ya tək pilotun səhhətinin pisləşməsi şəraitində ciddi problem yarana bilər. Lakin birpilotlu təyyarələr istehsal edəcək “Boeing” və “Airbus” şirkətləri bu problemi məsafədən idarəetmə ilə həll edə biləcəklər. Yəni, ikinci pilot avialayneri Yerdən idarə edəcək.