Nepal və Çinin hakimiyyət orqanları iki ölkənin sərhədində yerləşən və dünyanın ən uca nöqtəsi olan (8848 metr) Everest zirvəsinin hündürlüyünün yenidən ölçülməsi barədə razılığa gəliblər.
NUHÇIXAN “Times of India” qəzetinə istinadla xəbər verir ki, razılaşma ÇXR sədri Si Cinpinin oktyabrın 12-13-də Nepala səfəri zamanı əldə olunub. Everestin yenidən ölçülməsi zərurəti bəzi alimlərin 2015-ci ildə Nepalda baş verən güclü zəlzələ nəticəsində zirvənin hündürlüyünün azalması ehtimallarına görə yaranıb.
2017-ci ildə Hindistan da Everestin hündürlüyünün ölçülməsi üçün Nepal hakimiyyətinə öz yardımını təklif etmişdi.
Xatırladaq ki, 2015-ci il aprelin 25-də Nepalda 7,9 bal gücündə dağıdıcı zəlzələ, ardınca isə afterşoklar seriyası baş vermişdi. İki həftə sonra ölkədə 7,3 bal gücündə daha bir zəlzələ qeydə alınmışdı. Hər iki təbii fəlakət nəticəsində təxminən 9 min insan həlak olmuş, 22 min nəfər isə xəsarət almışdı.