ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) Aya və Marsa uçuşlarda istifadə ediləcək yeni skafandrları təqdim edib. NUHÇIXAN xəbər verir ki, NASA-nın Vaşinqtondakı mənzil-qərargahında keçirilən təqdimat mərasimində çıxış edən agentliyin direktoru Ceyms Braydenstayn deyib: “Əgər biz “Apollon” kosmik gəmisinin Aya uçuşunu xatırlasaq, o zaman astronavtlar Nil Armstronq və Edvin Oldrin Yerin təbii peykinin səthində hoppanaraq gəzirdilər, indi isə orada addımlayaraq yerimək mümkün olacaq. Bu, əvvəlki missiya ilə müqayisədə böyük tərəqqidir”.
Qeyd olunub ki, iki skafandrdan biri “Orion” kosmik gəmisinin göyərtəsində, digəri isə Ayın səthində, o cümlədən cənub qütbündə istifadə ediləcək. Onlar məxsusi olaraq Ay missiyası üçün nəzərdə tutulub, lakin gələcəkdə Marsa uçuş ərəfəsində analoji geyim forması kiçik modifikasiyalarla qırmızı planetin şəraitində uyğunlaşdırılacaq.
Skafandrların müəllifi Kristin Devis bildirib ki, “Apollon” missiyasında istifadə edilən skafandrların üzərində ikiqat iş aparmaq lazım gəlib. Onun sözlərinə görə, həmin uçuş zamanı astronavtlar bu geyimlərdən həm kosmik gəminin göyərtəsində və Yerə qayıdış zamanı, həm də açıq kosmosa çıxdıqda istifadə edirdilər. İndi NASA onları iki hissəyə bölməyə qərar verib. Belə ki, Ayın səthinə səyahət zamanı istifadə olunacaq skafandra daha çox detal, o cümlədən podşipniklər əlavə edilib ki, onlar astronavtlara daha asan hərəkət etməyə imkan verəcək.
Xatırladaq ki, bu ilin yazında NASA Ayın tədqiqi üzrə yeni proqramın “Artemis” adlanacağını bəyan edib. Qeyd olunub ki, missiya üç mərhələdən ibarət olacaq: Birinci mərhələdə - 2020-ci ildə “Orion” pilotsuz kosmik gəmisinin Ayın orbitində sınaq uçuşları və onun yerə qayıtması, ikincidə - 2022-ci ildə pilotlu missiyanın Yerin təbii peykinin ətrafında uçuşu nəzərdə tutulur. 2024-cü ildə isə Amerika astronavtlarının Ayın səthinə enməsi həyata keçiriləcək.
Mayda Prezident Donald Trampın Ay missiyasına 1,6 milyard dollar ayırmasından sonra Ağ ev bəyan edib ki, daha 21 milyard dolların ayrılması məqsədilə Konqresə müraciət göndəriləcək. Həmin maliyyə vəsaiti ABŞ-da yeni maliyyə ilinin əvvəlində - oktyabrın 1-də ayrılıb.