Dünyanın ən qədim təbii mirvarisi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi yaxınlığındakı adada aşkarlanıb.
NUHÇIXAN bu barədə BBC-yə istinadla xəbər verir.
Yaşı 8 min il müəyyən edilən mirvari Marava adasında qazıntılar zamanı aşkar edilib. Orada, həmçinin Neolit dövrünün tikililərinin qalıqları da tapılıb.
Mütəxəssislərin sözlərinə görə, kəşf sübut edir ki, mirvari hələ o dövrlərdə ticarət və mübadilə vasitəsi rolunu oynayıb.
Mirvari bu ayın sonunda Luvr Əbu-Dabi muzeyində nümayiş etdiriləcək.
“Dünyanın qədim mirvarisinin Əbu-Dabidə aşkarlanması müasir iqtisadiyyat və mədəniyyətin dərin tarixi köklərə malik olmasını açıq şəkildə sübut edir”, - deyə Əbu-Dabi Mədəniyyət və Turizm Departamentinin rəhbəri Məhəmməd Xəlifə əl-Mübarək bəyan edib.
Arxeoloqlar radiokarbon təhlili üsulu ilə müəyyən ediblər ki, mirvari eramızdan əvvəl 5800-cü və 5600-cü illər arasındakı dövrə aiddir. Çox ehtimal ki, mirvaridən o dövrdə bəzək, yaxud keramika və digər məhsulların alındığı Mesopotamiya arasında ticarət məqsədilə istifadə ediblər.
Marava adasında qədim tikililərin qalıqlarında aparılan qazıntı işləri zamanı keramika parçaları, balıqqulağılardan və daşlardan muncuqlar, həmçinin oxların silisiumlu ucluqları aşkarlanıb.
“Əbu-Dabi mirvarisi” adlanan tapıntı indi Luvr Əbu-Dabi muzeyinin oktyabrın 30-da açılacaq “Dəbdəbənin 10 min ili” adlı ekspozisiyasının bir hissəsinə çevriləcək.