ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) Ayın tədqiqi üzrə həyata keçirəcəyi “Artemida” missiyasına 26 ölkə maraq göstərib. NUHÇIXAN space.com saytına istinadla xəbər verir ki, maraqlı ölkələr Vaşinqtonda keçirilən Beynəlxalq Astronavtika Konqresi çərçivəsində təşkil edilmiş görüşdə iştirak ediblər.
NASA-nın direktoru Ceyms Braydenstayn bildirib ki, bu görüşdə başqa ölkələrin kosmik agentliklərinin də “Artemida” missiyasında iştirakı məsələləri müzakirə olunub. O əlavə edib: “Biz müxtəlif ölkələrin iştirakı ilə hansı nəticələr əldə edəcəyimizi anlamaq istəyirik. Söhbət təkcə Aya daha bir kişi və ya qadın astronavtın göndərilməsindən getmir. NASA beynəlxalq tərəfdaşlar koalisiyasından ibarət heyətin Ayın səthində dayanıqlı fəaliyyətinin təşkil olunmasını istəyir”.
Xatırladaq ki, bu ilin yazında NASA Ayın tədqiqi üzrə yeni proqramın “Artemida” adlanacağını bəyan edib. Qeyd olunub ki, missiya üç mərhələdən ibarət olacaq: Birinci mərhələdə - 2020-ci ildə “Orion” pilotsuz kosmik gəmisinin Ayın orbitində sınaq uçuşları və onun yerə qayıtması, ikincidə - 2022-ci ildə pilotlu missiyanın Yerin təbii peykinin ətrafında uçuşu nəzərdə tutulur. 2024-cü ildə isə Amerika astronavtlarının Ayın səthinə enməsi həyata keçiriləcək.