Rusiya təbii qazının Türkiyə və Avropaya nəqlini nəzərdə tutan “Türk axını” boru kəmərinin (“TurkStream”) birinci xəttinə qazın doldurulması noyabrın ortalarınadək davam edəcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Gazprom Transgaz Krasnodar” məlumat yayıb.
Bildirilir ki, oktyabrın 15-də layihənin əsas mərhələsinə, yəni boru kəmərinin ilk xəttinin təbii qazla doldurulmasına başlanılıb. İşlər son mərhələdədir. Boru kəmərinin istismara verilməsinə təxminən 2 ay qalır.
Hələlik təbii qaz boru kəmərinə alçaq təzyiqlə vurulur və bu proses mərhələli şəkildə artacaq. Boru kəmərinin dəniz hissəsinin isə qarşıdakı 1 ay ərzində doldurulması nəzərdə tutulur.
Qeyd edək ki, “TurkStream”lə ilk təbii qazın nəqli bu il dekabrın 31-də planlaşdırılır.
“Gazprom” bu il layihəyə 102 milyard rubl ayırıb. Boru kəmərinin Qara dənizdən keçən qoşa xəttinin uzunluğu 930 kilometrdir. Bu xəttin hər biri 15,75 milyard kubmetr təbii qaz daşıyacaq. Rusiyanın Anapa şəhərindən başlayan xətt İstanbulun təxminən 100 kilometr qərbində yerləşən Kıyıköy bölgəsində quruya çıxır. Boru kəmərinin ilk xəttinin Türkiyənin təbii qaza olan hazırkı tələbatının təxminən 35 faizini ödəyəcək. İkinci xətt ilə Rusiya qazının Avropaya nəqli nəzərdə tutulur.