Türkiyə Cümhuriyyətinin yaranmasının 96-cı ildönümü qeyd olunur. Bu münasibətlə Türkiyənin hər yerində bayram tədbirləri keçirilir.
NUHÇIXAN xəbər verir ki, 29 oktyabr - Cümhuriyyət Günü münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə dövlət və hökumət rəsmiləri, siyasi partiyaların nümayəndələri Anıtqəbirə gələrək Cümhuriyyətin banisi Mustafa Kamal Atatürkün məzarını yad ediblər.
Prezident Administrasiyasında təşkil olunan rəsmi qəbulda Türkiyədə akkreditə olunan diplomatik korpusun və beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri, siyasi partiya sədrləri, o cümlədən ölkə ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.
Ölkənin hər yerində küçə və meydanlar bayramsayağı bəzədilib. Ali təhsil müəssisələrində, məktəblərdə, mədəniyyət mərkəzlərində minlərlə bayram tədbiri təşkil olunub.
Xatırladaq ki, siyasi böhrandan çıxa bilməyən Osmanlı dövlətinin hökuməti 1923-cü il oktyabrın 25-də istefaya gedib. Növbəti üç gün ərzində yeni hökumətin qurula bilməməsi ölkədəki vəziyyəti daha da çətinləşdirib. Xalqın və ölkənin siyasi məsuliyyətini çiyinlərinə alan qazi Mustafa Kamal Ankara parlamentində Türkiyə Cümhuriyyətinin qurulduğunu elan edib. Parlamentin 158 deputatı bu qərara yekdilliklə səs verib. Beləliklə, Mustafa Kamalın rəhbərliyi ilə yeni bir dövlətin bünövrəsi qurulub.
Mustafa Kamal Paşa Cümhuriyyətin elan olunduğu parlament toplantısında Türkiyə xalqının müqəddəratını həll edən tarixi çıxışını belə tamamlayıb: "Türkiyə Cümhuriyyəti məsud, müvəffəqiyyətli və müzəffər olacaq!".
Ötən 96 ildə çətin və şərəfli yol qət edən Türkiyə Cümhuriyyəti tarixin ağır sınaqlarından çıxmaqla bərabər Mustafa Kamal Atatürkün tarixi vədini yaşatmağa müvəffəq olub.