ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi (NASA) Plutona daha bir missiya göndərilməsi planlarının hazırlanmasına vəsait ayırıb. Bu missiya 2015-ci ilin iyulunda cırtdan planetin yaxınlığından keçmiş “New Horizons” zondunun apardığı tədqiqatın davamı olacaq.
NUHÇIXAN “Astronomy” jurnalının saytına istinadla xəbər verir ki, bu barədə hər iki layihənin rəhbəri Alan Stern bildirib. Onun qənaətinə görə, ilk missiya zamanı Plutonun quruluşu və geologiyasına dair informasiyanın yalnız 40 faizi əldə edilib. Bundan başqa, bu göy cismində buzlaqların axması, ilin fəsilləri və geologiya haqqında daha geniş məlumata ehtiyac var. Yeni orbital aparat bütün bu məsələlərə aydınlıq gətirməyə kömək edəcək.
Sternin layihəsini həyata keçirən ilk aparat - “New Horizons” 2006-cı ilin yanvarında Yerdən kosmosa buraxılıb. 2015-ci ilin iyulunda Plutonun sisteminə daxil olan zond ondan cəmi 13 min kilometr məsafədən uçaraq çoxlu fotoşəkil çəkə bilib. İnsanlar bu fotoşəkillərdə ilk dəfə Plutonun mərkəzini, buz çaylarının və vulkanların izlərini görə biliblər.
Hələ 2017-ci ildə Stern bəyan edib ki, bu kəşflər Plutona daha bir aparat göndərilməsi ideyasını yaradıb. Yeni zond onun yanından keçməklə kifayətlənməməli, həmçinin onun sabit orbitini tədqiq etməlidir. Amerikalı astronomun başçılıq etdiyi alimlər qrupu NASA-nın göstərişini gözləmədən öz vəsaitləri hesabına yeni planın tərtib olunmasına başlayıblar. Bir il əvvəl onlar yeni missiya ilə bağlı təkliflərini və orbital hesablamaların ilkin variantını təqdim ediblər. Qrupa daxil olan riyaziyyatçılar təkcə Plutonu deyil, həm də Günəş sisteminin kənarlarında yerləşən digər göy cisimlərini də öyrənməyə imkan verəcək uçuş trayektoriyası hazırlayıblar. Bu məqsədlə cırtdan planetin peyki olan Haronun cazibə qüvvəsindən özünəməxsus “qravitasiya mühərriki” kimi istifadə edilməsi planı tərtib edilib. Həmin plan sayəsində minimum yanacaqla Plutonun orbitinə çatmaq və onun peykləri arasında uçmaq mümkün olacaq.
Alimlərin bu planı NASA-nın diqqətini cəlb edib və Sternin “Pluto Orbiter” adlanan yeni missiyası yaxın on ildə həyata keçiriləcək 10 perspektivli proqram sırasına daxil edilib. Missiya ilə əlaqədar son qərar isə agentliyin ekspertləri tərəfindən 2022-ci ildə veriləcək. Qəti qərar veriləcəyi təqdirdə “Pluto Orbiter” aparatının 2028-ci ildə kosmosa göndəriləcəyi planlaşdırılır. Onun kosmik fəzada 18 il keçirəcəyi və bu müddətdən sonra Plutona çatacağı ehtimal edilir. Lakin Stern əlavə edib ki, aparatın göyərtəsində nüvə enerjisi qurğusu və daha güclü ion və ya plazma mühərrikinin yerləşdirilməsi bu müddəti xeyli qısaltmağa imkan verəcək.