Əcnəbilər Finlandiyada daşınmaz əmlak əldə etmək üçün ölkənin Müdafiə Nazirliyindən icazə almalıdırlar
2020-ci il yanvarın 1-dən başlayaraq, Finlandiyada daşınmaz əmlak əldə etmək istəyən əcnəbi vətəndaşlar bundan ötrü ölkənin Müdafiə Nazirliyindən icazə almalıdırlar.
NUHÇIXAN Finlandiya KİV-lərinə istinadla xəbər verir ki, dəyişiklik bu ilin martında qəbul edilmiş yeni qanunvericilik çərçivəsində tətbiq edilib.
Yeni qayda ümumilikdə dünyada və əsasən regionda təhlükəsizliklə bağlı vəziyyətin mürəkkəbləşməsi ilə əlaqədardır. Bununla bağlı olaraq, Finlandiya hökumətinin yaratdığı sistemə əsasən ölkədə daşınmaz əmlakın alqısının izlənilməsini və ona nəzarəti həyata keçirmək mümkündür.
Torpaqdan istifadə və daşınmaz əmlaka sahib olmaq sahəsində milli təhlükəsizliyin təmin edilməsi barədə yeni qanunvericilik Aland adaları istisna olmaqla, Finlandiyanın bütün ərazisində yerləşən obyektlərə aid edilir. Bu, daşınmaz əmlakla əlaqədar yalnız 2020-ci il yanvarın 1-dən sonra bağlanan razılaşmalara aid edilir. İcazə həm Avropa İttifaqı və ya Avropa İqtisadi Zonası ölkələrinin vətəndaşı olmayan fiziki şəxslər, həm də Aİ ölkələri və Avrozona hüdudlarından kənarda qeydiyyatda olan şirkət və təşkilatlar tərəfindən alınmalıdır.
Qanuna müvafiq olaraq, mənzil əldə etmək üçün müraciətlər Müdafiə Nazirliyinə elektron formada təqdim edilməlidir. Finlandiya Müdafiə Nazirliyinin veb-saytında müraciətlərin fin və İsveç dilində verilməsi, sorğulara 3 ay ərzində baxılacağı barədə bildirilir. Nazirlikdə qeyd ediblər ki, müraciətdə alıcılar əmlakın ehtimal edilən istifadəsi barədə məlumatı göstərməlidirlər.
Qanuna görə, ikili vətəndaşlığa malik olan şəxslər əgər millətlərdən biri Avropa İttifaqı və ya Avropa İqtisadi Zonasına daxil olan ölkələrdə yerləşirsə, o zaman onların icazə almasına ehtiyac yoxdur. Bununla yanaşı, müraciət verilməsi üçün ödəniş 300 avro təşkil edir. İmtina ediləcəyi halda isə həmin məbləğ sorğunu verən şəxsə qaytarılmır.