ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi (NASA) və “Boeing” şirkəti noyabrın 4-də Birləşmiş Ştatların yeni “CST-100 Starliner” kosmik gəmisinin xilasetmə sisteminin sınağını keçirəcəklər.
NUHÇIXAN NASA-nın saytına istinadla xəbər verir ki, sınaq prosesində raketin buraxılmasında yarana biləcək gözlənilməz qəza zamanı ekipaj üzvlərinin xilas edilməsi və pilotların yerləşdiyi bölmənin start qurğusundan kənarlaşdırılması üzrə təlim aparılacaq. Agentliyin mətbuat xidməti bildirib ki, bu məqsədlə xilasetmə sisteminin dörd mühərriki, habelə oriyentasiya üzrə qurğu işə salınacaq. Onlar kapsulun start qurğusundan 1600 metr kənara atılmasını təmin edəcəklər. Sınaq zamanı paraşüt sistemi də hərəkətə gətiriləcək.
NASA 2011-ci ildə Yerə qayıdan “Space Shuttle” kosmik gəmiləri üzrə proqrama yekun vurduqdan sonra uzun müddətdir ki, kosmosa öz pilotlu aparatını göndərmir. ABŞ astronavtları Beynəlxalq Kosmik Stansiyaya Rusiyanın kosmik gəmilərində uçurlar. Bu səbəbdən “CST-100 Starliner” kosmik gəmisinin ilk uçuşunun təhlükəsizliyi məsələsinə xüsusi diqqət yetirilir. Belə ki, bu mülahizələrlə ötən ilin iyulunda onun kosmosa göndərilməsi təxirə salınıb.
Xatırladaq ki, NASA “Dragon” və “Starliner” kosmik gəmilərində kosmosa kommersiya səfərlərini təşkil etmək məqsədilə “SpaceX” və “Boeing Co” şirkətləri ilə müqavilə imzalayıb. “CST-100 Starliner” kosmik gəmisi orbitə “Atlas V” raketdaşıyıcısı vasitəsilə göndəriləcək.