ABŞ-ın “Voyager-2” kosmik aparatı 42 ildən sonra ulduzlararası fəzaya çıxaraq ilk məlumatları Yerə göndərib. NUHÇIXAN xəbər verir ki, bu məlumatı ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi (NASA) yayıb.
“The Telegraph” nəşri yazıb ki, kosmik aparat heliosferanın (Günəş zərrəcikləri ilə dolu onun orbitindəki fəza) hüdudlarından bir il əvvəl – 2018-ci ilin noyabrında çıxıb. Sonrakı bir il ərzində onun göndərdiyi informasiya Yerə çatıb və deşifrlə oxunub. Beləliklə, “Voyager-2” onun sələfi olan “Voyager-1”dən sonra heliosferanın hüdudlarını tərk edən ikinci kosmik aparat olub. 1977-ci il avqustun 20-də kosmosa buraxılan bu aparat hazırda Günəşdən 18,2 milyard kilometr uzaqlıqda yerləşir.
Məlum olduğu kimi, ulduzlararası məkanda da heliosfera kimi daha soyuq və sıx plazma mövcuddur. Burada kosmik şüalanma da güclüdür. Bu aparatların buraxılışı alimlərə imkan verdi ki, heliosferanın Yer kürəsini ulduzlararası radiasiyadan 70 faiz qoruduğunu müəyyən etsinlər. “Voyager-2” onu da aşkar edib ki, heliosfera ilə ulduzlararası fəza arasında dəqiq sərhəd mövcuddur. Kosmik aparat bu sərhədi keçdikdən sonra heliosfera hissəcikləri kəskin azalıb və ulduzlararası radiasiyanın səviyyəsi əhəmiyyətli dərəcədə artıb. NASA bildirdib ki, bu fakt planetlərarası aparatın kosmosun yeni sahəsinə daxil olduğunu göstərir.
NASA qeyd edib ki, hər iki kosmik aparat heliosfera maddələrindən azad olmamış özünəməxsus keçid zonasındadır. Qeyd olunub ki, əvvəlcə aparatlardan Yupiter və Saturnun tədqiqi məqsədilə istifadə edilməsi nəzərdə tutulub. Bundan başqa, “Voyager-2” tarixdə ilk dəfə Uran və Neptun planetlərinin yaxınlığından uçub. Son nəticədə hər iki aparat Günəş sistemini tərk edib. “Voyager-1” hazırda Günəşdən 22 milyard kilometr uzaqda yerləşir. Müqayisə üçün qeyd edilib ki, Yerə cəmi 8 dəqiqədə çatan Günəş işığı “Voyager-2” kosmik aparatına 16,5 saata çatır.