Rusiyanın “Promtexnologiya” şirkəti (snayper tüfənglərinin istehsalı üzrə ORSIS firması) bəyan edib ki, Ermənistan Müdafiə Nazirliyindən ORSIS-ə silah tədarükü ilə bağlı yaranmış qalmaqalı qeyri-rəsmi şəkildə yoluna qoymaq və bu nazirliyə guya yaxın olan şəxslər vasitəsilə silah alqı-satqısını qanundankənar aparmaq barədə müraciət daxil olub.
NUHÇIXAN TASS agentliyinə istinadla xəbər verir ki, ORSIS-dən informasiya agentliyinə daxil olmuş məlumatda bildirilir: “Biz Ermənistan Müdafiə Nazirliyindən danışıqlar aparılması barədə qeyri-rəsmi dəvət almışıq. Nazirliyə yaxın olduqlarını iddia edən şəxslərdən də bu cür müraciətlər daxil olub. Biz hazırkı məqamda bunu düzgün hesab etmirik və hesab edirik ki, dialoq rəsmi çərçivədə aparılmalıdır”. Şirkət ümidvar olduğunu bildirib ki, Ermənistan Müdafiə Nazirliyi ilə mübahisələr məhkəmə həddinə çatmayacaq. Xatırladılıb ki, Yerevanın silah tədarükü üzrə tenderin şərtlərini pozması ilə bağlı bu ölkənin müdafiə naziri David Tonoyana da rəsmi məktub göndərilib.
Şirkətin məlumatında qeyd olunur ki, ən dəhşətli fakt erməni rəsmilərinin ORSIS-i qanunsuz bank əməliyyatlarına cəlb etməsi cəhdidir. Əlavə olunub ki, şirkətin nümayəndələrinin bir neçə dəfə müdafiə naziri ilə görüşmək cəhdləri də cavabsız qalıb.
Ermənistan tenderdə iştirak edən 6 şirkətin hamısından bank təminatı tələb edib. ORSIS bildirib ki, Müdafiə Nazirliyin bu cür şərt qoyması absurd və qanunaziddir.
Xatırladaq ki, Ermənistan silah tədarükü ilə bağlı tenderdə Rusiyanın ORSIS firmasının müraciətini heç bir əsas olmadan rədd edib və erməni tərəfi onu bu iş üçün uyğun olmayan tədarükçülər siyahısına daxil edib. Çoxmilyonluq silah tədarükü üzrə tender bu ilin yayında keçirilməli idi. Ermənistan Müdafiə Nazirliyi Rusiya şirkətinin tenderdə iştirakla bağlı müraciətini ləğv edib və bunu ORSIS-in bank təminatını ödəmədiyi ilə əsaslandırıb. Rusiyanın İstintaq Komitəsində bununla bağlı cinayət işi qaldırılıb.