Marsda həyat əlamətləri tapıldı

A- A A+

ABŞ-ın Aeronavtika və kosmik məkanın tədqiqatları üzrə Milli İdarəsi – NASA Marsın səthindəki süxurlarda bir sıra orqanik birləşmələrin molekullarını aşkarladığını elan edib.

NUHÇIXAN-ın xəbərinə görə, bu barədə iyunun 7-də NASA-da keçirilən mətbuat konfransında rəsmi açıqlama verilib.

“Biz qədim göl çöküntülərindən götürülmüş daşlardakı orqanik birləşmələrdən molekullar tapdıq. Bu orqanik molekulların əmələ gəlməsinin səbəbi həyat ola bilər. Lakin biz hələ bilmirik ki, Marsda həyat olub, ya yox”, - deyə bioximik Cennifer Aygenbroud bildirib.

Süxurun azı 3 milyard yaşı var

Söhbət tərkibində karbon, eləcə də tiofen, toluol maddələri olan birləşmələrdən gedir. C. Aygenbroud deyib ki, tapılan molekullar həyatın mövcudluğuna dair konkret sübut deyil, çünki onlar qeyri-bioloji mənşəli də ola bilər: “Bizdə olan informasiya həmin molekulların mənşəyi barədə sualı cavablandırmağa imkan vermir”.

Merilend Kosmik Uçuşlar Mərkəzinin tədqiqatçısı, Günəş sisteminin öyrənilməsi proqramının rəhbəri Pol Maheffi qeyd edib ki, söhbət Marsda həyat əlamətlərinin aşkarlanmasından getmir. Lakin o, orqanik birləşmələrin həyat axtarışı üçün böyük əhəmiyyət daşıdığını da əlavə edib. NASA öz növbəsində bəyan edib ki, tapıntı Marsda nə vaxtsa həyatın ola biləcəyini göstərir.

Süxur nümunələri “Curiosity” kosmik gəmisinin qazma qurğusu vasitəsilə əldə edilib. Süxurun yaşı 3 milyard ildən çoxdur. C. Aygenbroud deyib ki, NASA hələlik 5 santimetrdən dərini qaza bilmir.

Metan səviyyəsində diqqət çəkən dəyişiklik  

Kosmik agentlik “Curiosity”nin köməyi ilə Mars atmosferindəki metanın səviyyəsində mövsümi dəyişkənlik müşahidə olunduğunu da açıqlayıb. Mütəxəssislər istisna etmir ki, metan bioloji mənşəyə malikdir, lakin bu haqda sübutlar hələlik yoxdur. “Bu yeni məlumatlar əsasında Mars sanki bizə deyir ki, əvvəlki kursu saxlayın və həyat izlərini axtarmağa davam edin. Əminəm ki, bizim həm davam edən, həm də planlaşdırılan əməliyyatlarımızın gedişində yeni nəfəskəsici kəşflər əldə oluna bilər”, - deyə NASA-nın elmi direktorluğunun rəhbəri Tomas Surbuhen söyləyib.

Qeyd edək ki, “Curiosity” avstraliyalı astronom Uolter Geylin adı verilmiş kraterin tədqiq olunması üçün 2012-ci ilin avqustunda Marsa göndərilib. Geyl krateri 154 km diametrə malikdir. Aparatın isə uzunluğu 2,8 m, çəkisi 900 kq-dır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: