Parisdə I Dünya müharibəsinin başa çatmasının ildönümü münasibətilə keçirilən Sülh Forumunda çıxış edən BMT-nin Baş katibi Antonio Quterreş bu gün dünyada olan vəziyyəti “xaos və qeyri-müəyyənlik” adlandırıb. O, beynəlxalq hüququn, çoxqütblü dünyanın və çoxtərəfli institutların fəaliyyət göstərdiyi qlobal sistemi müdafiə etmək üçün bütün dövlətləri öz səylərini birləşdirməyə çağırıb.
NUHÇIXAN BMT-nin saytına istinadla xəbər verir ki, Baş katibin sözlərinə görə, indi ən böyük problem - münaqişələrdir. Onlardan ən təhlükəlisini ölkələr arasında yox, dövlət və qeyri-dövlət qruplaşması arasında “asimmetrik” münaqişə kimi xarakterizə edən Quterreş bildirib ki, üçüncü tərəflərin müdaxiləsi zamanı bu ziddiyyətlər regional miqyas alır. Onun sözlərinə görə, onların qarşısını almağın yeganə yolu beynəlxalq əməkdaşlıqdır. “Bununla əlaqədar BMT tərəfindən münaqişələrin qarşısının alınması və nizamlanması sahəsində vasitəçiliyin təkmilləşdirilməsi, ekstremizmlə mübarizə, sülhün və sabitliyin təmin edilməsi üzrə yeni islahatlar həyata keçirilir”, -deyə Baş katib vurğulayıb.
A. Quterreş bəşəriyyətin üzləşdiyi beş əsas təhlükə haqqında danışıb. Onun sözlərinə görə, onlardan birincisi iqtisadi, texnoloji və geostrateji “uçurumdur”. Baş katib əlavə edib ki, bu “uçurum” dünyanı iki hissəyə bölür və ən iri iqtisadiyyatları olan dövlətlər müstəsna olaraq öz maraqları çərçivəsində hərəkət edirlər. BMT-nin rəhbəri böyük ziddiyyətlərə və münaqişələrə səbəb olan bu cür vəziyyəti çoxtərəfli beynəlxalq institutlar vasitəsilə düzəltməyə çağırıb.
BMT-nin rəhbəri bildirib ki, ikinci böyük təhlükə vətəndaşlarla hökumətlər arasında sosial kontraktların şərtləri ilə bağlıdır. O əlavə edib ki, həmin şərtlərin pozulması bütün dünyada nümayişlərə, hökumətlərə etimadsızlığa gətirib çıxarır.
Üçüncü risk amili isə, Quterreşin sözlərinə görə, həmrəylik ideyasından imtina etməkdir. “Bir fərdin və ya cəmiyyətin öz maraqlarını hər şeydən üstün tutması nəticəsində ən zəif təbəqələr – azlıqlar, qaçqınlar, miqrantlar, qadınlar və uşaqlar əziyyət çəkirlər. Əcnəbilərin gəlişindən qorxu hissi də siyasi məqsədlər üçün istifadə olunur. Baş verən bütün mənfi hallarda və ya insidentdə hər şeyini itirmiş insanları günahlandırırlar ki, bu da cəmiyyətdə parçalanmaya səbəb olur”, -deyə o vurğulayıb.
Dördüncü risk amilinin iqlim dəyişməsi olduğunu diqqətə çatdıran Baş katib bildirib ki, bəşəriyyət bu təhlükəli prosesdə hər il ardıcıl olaraq uduzur. O, temperatur rekordları, əriyən buzlaqlar, çölləşən ərazilər və dağıdıcı tufanları misal gətirib və əlavə edib ki, bu problem insanlar üçün taleyüklüdür.
A.Quterreş beşinci risk amilinin texnologiyaların inkişafı olduğunu qeyd edib. Onun sözlərinə görə, dünya və inkişaf üçün yeni perspektivlər açan bu amil, eyni zamanda, cəmiyyətdə bərbərsizliyi də artıracaq. Baş katib bu mənfi tendensiyanın qarşısını almaq üçün təhsil sisteminin yenidən qurulmasını təklif edib. Belə ki, insanlar bilik və bacarıqlarını daim təkmilləşdirmək yolu ilə əmək bazarına uyğunlaşa bilərlər. “İndi təkcə təhsil almaq yox, həm də onu ardıcıl olaraq tamamlamaq lazım gəlir”, -deyə Quterreş vurğulayıb.
BMT-nin Baş katibi düşmənçilik ritorikası və informasiya manipulyasiyası məsələlərinə də toxunub. Əlavə edib ki, o, rəhbərlik etdiyi təşkilatı hökumət nümayəndələri, özəl sektor təmsilçiləri, alimlər və vətəndaş cəmiyyətləri arasında dialoq platformasına çevirmək niyyətindədir. “Biz əlimizdən gələn hər şeyi etməliyik ki, beynəlxalq hüquqa hörmət üzrə qlobal sistemi qoruyub saxlayaq”, -deyə o qeyd edib. Baş katib, həmçinin kiber cinayət və robot-qatillərlə mübarizə kimi təhlükələrə də hazır olmağa çağırıb. Vurğulayıb ki, süni intellekt sülh məqsədləri, insanların rifah halının yaxşılaşdırılması üçün istifadə olunmalıdır.