ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ştatların transmilli şirkətlərinin rəhbərləri ilə görüş keçirib. NUHÇIXAN Anadolu agentliyinə istinadla xəbər verir ki, görüş ABŞ-ın Ticarət Palatası, Xarici İqtisadi Əlaqələr Komitəsi və Türkiyə-Amerika Biznes Şurası tərəfindən təşkil olunub.
Mətbuata qapalı keçirilən görüşdə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Xəzinə və Maliyə naziri Bərat Albayrak, Milli Müdafiə naziri Hulusi Akar və digər rəsmi şəxslər iştirak ediblər. ABŞ-ın Pepsico, Google, UPS, Hilton, The Coca Cola Company, GE, Citi, Uber, habelə Türkiyənin THY, Limak, TAV, Borusan, Kale Group kimi transmilli şirkətləri rəhbərlərinin dəvət olunduğu tədbir iki saatdan artıq davam edib.
Bu arada The Washington Post qəzeti iddia edib ki, ABŞ Prezidenti bir həftə əvvəl türkiyəli həmkarına Rusiyadan S-400 zenit-raket komplekslərinin istifadəsindən imtina müqabilində 100 milyard dollarlıq ticarət sazişləri və sanksiyalarla bağlı məsələnin həllini, habelə türk şirkətlərinə əlverişli şərait yaradılacağını vəd edib.